Tacikistanla mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib


18:48     24 Fevral 2018 2018/02/5a911d3a5e311_15194493074359030143_1000x669_1519467012.jpg

Azərbaycanla Tacikistan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.


Müzakirələr Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadənin bu ölkənin mədəniyyət naziri Şamsiddin Orumbekzoda ilə görüşündə aparılıb.

Femida.az xəbər verir ki, görüşdə mədəniyyət sahəsində münasibətlərin bundan sonra da genişlənməsinin vacibliyi vurğulanıb, qarşıda duran bir sıra mədəniyyət tədbirlərinin keçirilməsi, xüsusilə birgə tamaşaların hazırlanması, kinofilmlərin çəkilməsi və rəssamların sərgilərinin təşkili, hər iki ölkənin incəsənət ocaqları arasında əlaqələrin yaradılması məsələləri müzakirə edilib.

Səfir son illərdə Azərbaycanda mədəniyyət sahəsinə həm dövlət tərəfindən, həm də Heydər Əliyev Fondunun xətti ilə yüksək diqqət və qayğı göstərildiyi haqqında məlumat verib. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xalqımızın zəngin mədəniyyətinin qorunub saxlanılmasında və dünyada təbliğ olunmasında, həmçinin təhsil, səhiyyə, idman, elm və texnologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyini diqqətə çatdırıb.

Görüşdə nazir Azərbaycanın zəngin musiqi və mədəniyyət tarixinə malik olduğunu qeyd edərək Tacikistan tələbələrinin Azərbaycan Dövlət Musiqi Akademiyasında və digər mədəniyyət ocaqlarında təhsil almasına kömək göstərilməsini xahiş edib.

Həsən Məmmədzadə iki ölkənin konservatoriyaları arasında əməkdaşlıqla bağlı təklifin əhəmiyyətini qeyd edib, Azərbaycan tərəfinin Tacikistan tələbələrinin ölkəmizin müxtəlif təhsil ocaqlarında təhsil almaları üçün kvotalar ayırdığını diqqətə çatdırıb. O, mədəniyyət sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Femida.az

Açar sözlər: #Tacikistan   #Azərbaycan  

Oxunub: 471