İşçi vəfat etdikdə müavinət ödənişi necə və kimə edilməlidir? - Hüquqi yardım


19:44     27 Fevral 2018 18_02_27_1519731902.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə mövzumuz vəfat edən işçinin ailəsinə verilə müavinətdir. Vəfat etmiş işçiyə müavinət ödənişi necə və kimə edilməlidir?


Hüquqşünas Orxan Dadaşovun sözlərinə görə, vəfat etmiş işçinin ailəsinə və ya qohumlarına müavinət ölüm haqqında şəhadətnamə əsasında verilir:

"İşçi vəfat etdikdə əmək müqaviləsi ləğv olunur. Bu zaman vəfat edən işçinin vərəsələrinə onun orta aylıq əməkhaqqının 3 misli miqdarında müavinət verilməlidir. Müavinətin hesablanması üçün vəfat edən işçinin ölüm haqqında şəhadətnaməsi iş yerinə təqdim olunmalıdır.

Əmək məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsində qeyd olunanlara əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işəgötürən tərəfindən vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri — məbləğcə daha böyüyü ödənilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən, Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir".


Qeyd edək ki, Prezidentin 16 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Ona görə də hazırda əmək pensiyaçısı vəfat etdikdə ödənilməli olan dəfn üçün müavinətin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində, yəni 330 manat təşkil edir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #əmək   #iş   #vəfat   #dəfn   #məcəllə   #qanun   #hüquq   #hüquqi_yardım  

Oxunub: 16677