Ölüm ayağında gülən "Sofa" - 100 il


18:12     28 Fevral 2018 2018/02/sofia-q_4559440254.jpg

Aktrisa övladları kədərlənməsin deyə ölüm ayağındaykən belə gülürdü.

Dərin, psiхoloyi obrazları məharətlə ifa edən bir aktrisa. Həm qəhrəmanlıq, həm məişət, həm mənfi emosional rolları bütün incə çalarları ilə təqdim edən və sözün əsl mənasında klassik aktyor nəslinə sadiq qalan bir sənətkar idi Sofa хanım. ...


Femida.az xəbər verir ki, bu gün bir-birindən gözəl və fərqli obrazları məharətlə ifa edən aktrisanın anadan olmasının 100 ili tamam olur.

Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 1918-ci il fevral ayının 28-də Kazan quberniyasının köhnə Çukan kəndində doğulmuşdur. İki yaşında olanda ailəsi Bakıya köçmüş və Sofiya xanım Azərbaycan türkcəsini mükəmməl öyrənmişdir. Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil almışdır. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnmişdir. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olmuşdur. Əsl soyadı Vəzirova olsa da, atasının nəsil şəcərəsinə görə tamaşaçılar arasında “Bəsirzadə” kimi tanınmışdır.



Bəzi proqram və afişalarda adı “Sofa” kimi də yazılmışdır. Teatr kollektivində də ona “Sofa xanım” deyə müraciət etmişlər. Səhnədə bir-iki cümləsi olan personajlar da ifa etmiş, xarakterik dramatik obrazlar da oynamışdır. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Səhnə görkəminin təravəti həmişə göz oxşamış, çevik plastikası heyranlıq doğurmuşdur.

1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olmuşdur. Həmin ilin noyabrından başlayaraq AMDT-nın tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda səhnəyə çıxmışdır. 1938-ci il sentyabr ayının 1-də, üçüncü kursda oxuyarkən tələbə-aktrisa AMDT-nın aktyor truppasına qəbul edilmişdir. Yüzdən çox obrazın ifasında səhnəyə çıxan Sofa Bəsirzadənin Nisə xanım (“Lənkəran xanının vəziri”, M.F.Axundzadə), Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə (“Oqtay Eloğlu”, “Od gəlini”, “Yaşar”, “Dönüş” və “Solğun çiçəklər”, C.Cabbarlı), Nina, Rübabə (“Şeyx Sənan” və “Səyavuş”, H.Cavid), Məryəm, Tamara, Tatyana (“Fərhad və Şirin”, “Vaqif” və “İnsan”, S.Vurğun), Səadət (“Müsibəti-Fəxrəddin”, N.Vəzirov), Xanın qızı, Pəri cadu (“Köhnə dudman” və “Pəri cadu”, Ə.Haqverdiyev), Anna Dmitriyevna (“Canlı meyit”, L.Tolstoy), Fedra, Esrelya (“Dəlilər”, “Sevilya ulduzu”, L.Veqa), Aybəniz (“Cavanşir”, M.Hüseyn), Peyanira (“Mehmanxana sahibəsi”, K.Haldoni) və s. rolları ifadə vasitələrinin zənginliyi baxımından hər zaman seçilmişlər. Sofiya Bəsirzadə 10-dan artıq bədii filmə çəkilmiş, teatr səhnəsində 62 ildən çox fəaliyyət göstərmişdir.
1992-ci ildən ömrünün son illəri-nədək Bakı Bələdiyyə Teatrında çalışmışdır.




Səhnə fəaliyyətinə görə 1955-ci il 30 aprel tarixində Azərbaycan Respublikasının “Əməkdar artist”, 1974-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.

Sofiya Bəsirzadə 2000-ci il yanvar ayının 4-də Bakıda vəfat etmişdir.



Femida.az

Açar sözlər: #Sənətkar   #Aktrisa    

Oxunub: 1966