İki zamin varsa, krediti hansı ödəməlidir? - Hüquqi yardım


18:30     28 Fevral 2018 18_02_28_1519813790.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Kamran Kamranlı redaksiyamıza müraciət edib. O, bildirib ki, bibisi və başqa bir nəfərin zaminliyi ilə tanışlarından biri kredit götürüb. Lakin daha sonra ödəniş edə bilməyib.

Məhkəmənin qərarı ilə borc əmlaka və əmək haqqına yönləndirilib. Lakin əsas borclunun heç bir iş yeri və əmlakı olmadığına görə borc zaminlərdən tutulmalı olub. Lakin borc 7 aydır ki, zaminlərdən hər ikisindən yox, bir zaminin maaşından çıxılmaqdadır.


Kredit borcuna görə 2 zamin olduğu halda, borc təkcə birinə yönləndirilə bilərmi?

Hüquqşünas Mehran Əmirli məsələ ilə bağlı saytımıza açıqlama verib:

“Mülki qanunvericiliyə əsasən, zaminlik müqaviləsi ilə zamin borclunun bank qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu öhdəliyini icra etmədikdə, zamin və borclu bank qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Adətən müraciətdə qeyd edilən hallar zaminlər fərqli rayon qeydiyyatında olanda baş verir. Könüllü icra müddətində icra sənədi icra edilmədikdə, icra məmuru borclunun əmlakının müəyyən olunması istiqamətində tədbirlər görür. Borcluya məxsus əmlak müəyyən edilmədikdə, icra sənədi icra olunması üçün borclunun əmək haqqına və ya digər gəlirlərinə yönəldilə bilər. Borc məbləği əsas borcludan və zaminlərdən müştərək qaydada tutulmalı olduğundan, icra məmuru zaminin iş yerini müəyyən edərsə, icra sənədini icra olunması üçün aidiyyəti üzrə onun iş yerinə göndərə bilər”.

Hüquqşünas eyni zamanda qeyd edib ki, bu məsələdə zaminin borcludan kreditora ödənilmiş məbləği tələb etmək hüququ var. Belə ki, Mülki Məcəllənin 475-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #hüquqi_yardım   #kredit   #bank   #borc   #zamin  

Oxunub: 5736