“Bizə qarşı çirkin kampaniyalar aparılır” - Oqtay Əsədov


19:08     17 Sentyabr 2015 trend_oktay_asadov_2409091.jpg

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Parlamentdən Femida.az-a verilən məlumata görə, O. Əsədov son günlər Türkiyədə terror hücumları nəticəsində hərbçi və polislərin həlak olmasına görə başsağlığı verib.

O bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir. İqtisadi münasibətlərdən danışan spiker qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla ölçülür: “Azərbaycanda 2400-ə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. İki qardaş ölkə bir-birinin iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırır. Lakin son illərdə Türkiyə və Azərbaycanın daha da güclənməsi bəzi qüvvələri narahat edir və bizə qarşı çirkin kampaniyalar aparılır”.

Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolundan, işçi qruplarının fəaliyyətindən, deputatlarımızın beynəlxalq təşkilatlarda xalqlarımız və dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmələrindən, Dağlıq Qarabağ problemindən söhbət açılıb. F. Sinirlioğlu Heydər Əliyevin “bir millət iki dövlət” kəlamını xatırladaraq qeyd edib ki, bu gün ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək olur, eyni mövqedən çıxış edirlər.

Dağlıq Qarabağ münaqişəsindən danışan F. Sinirlioğlu deyib ki, Türkiyə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün bundan sonra da dəstəyini davam etdirəcək.

Söhbət zamanı tərəflər həm Türkiyədə, həm də Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinin uğurlu olacağına əminliklərini bildiriblər. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, hər iki ölkənin səfirləri və digər rəsmi şəxslər iştirak ediblər.

Açar sözlər:

Oxunub: 779