Pul vahidimiz niyə AZM yox, AZN adlanır?


19:01     01 Mart 2018 18_03_01_1519903069.jpg

Məlumdur ki, Azərbaycan manatının qısaldılmış forması AZN kimi yazılır. Digər ölkələrin nominallarının abreviaturası onların öz formalarına uyğun yazıldığı halda (məsələn, Türk lirəsi (TL), Rus rublu (Rub)) niyə Azərbaycan manatı AZN formasında yazılır? Ümumiyyətlə AZN-in açılışı nədir?

Femida.az xeberle.com-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, AZN abreviaturası Azərbaycanın beynəlxalq valyuta kodu kimi qəbul edilib: "Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyuta dövriyyəyə buraxılarkən manatın beynəlxalq valyuta kodu "AZM” (Azerbaijan Manat) qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına əsasən Mərkəzi Bank tərəfindən 01 yanvar 2006-cı ildən etibarən yeni nəsil pul nişanları tədavülə buraxılıb, yeni Azərbaycan manatının beynəlxalq valyuta kodu "AZN” qəbul edilib. Yeni Azərbaycan manatının beynəlxalq valyuta kodu Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 4217 kod siyahısında qeydə alınıb”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, AZN abreviaturasındakı N hərfinin açıqlaması yoxdur: "Səhv etmirəmsə, ilk olaraq Azərbaycan manatının valyuta kodu "AZ” olaraq təklif edilmişdi. Amma bu forma həm də Azərbaycanın domeni olduğu üçün ondan imtina olundu və AZN şəklində yazılması məqbul hesab edildi. Əslində oradakı N hərfinin açıqlaması yoxdur. Bu qərar sadəcə dilə daha rahat şəkildə yatımlı olması və beynəlxalq abreviatura şəklində tanınması üçün verildi. Onu da qeyd edim ki, yanılmıramsa, hansısa ölkədə AZM abreviaturası var idi. Qarışıq olmasın və təkrarlanmasın deyə Azərbaycan manatının qısaldılmış forması kimi AZN seçildi”.

Femida.az

Açar sözlər: #manat   #bank   #azn  

Oxunub: 17730