3 hüquqi şəxs barəsində cinayət işi başlanıb
22:01 01 Mart 2018
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən digər dövlət qurumları ilə əlaqəli şəkildə ölkə vətəndaşlarının hüquqlarının qorunması, tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, bu sahədə qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sektorunda aparılmış monitorinqlər nəticəsində əmək müqavilələri olmadan işçilərin işə cəlb edilmələri faktları ilə bağlı 19 hüquqi və 3 fiziki şəxs barəsində həmin Agentlikdən daxil olmuş 18 material Baş İdarədə araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata əsasən aparılan araşdırmalar nəticəsində 3 hüquqi şəxs barəsində Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri cinayət işləri başlanıb. “İ.N.V.” MMC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, digər iki hüquqi şəxs barəsində başlanmış cinayət işləri üzrə istintaq yekunlaşmaq üzrədir.
Göstərilənlərlə yanaşı, araşdırmalar zamanı aşkar edilən qanun pozuntuları ilə bağlı digər prokuror təsir aktlarının tətbiq edilməsi də təmin edilib. Belə ki, 11 hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması), 1 hüquqi şəxs barəsində isə həmin Məcəllənin 198.0.1-ci (əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə inzibati icraatın başlanması haqqında qərarlar qəbul edilib.
Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilmiş, 12 halda fiziki şəxslərə və hüquqi şəxslərin rəhbərlərinə rəsmi xəbərdarlıq edilib.
Yol verilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə Vergilər Nazirliyinə 9, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə 11 təqdimat göndərilib. Hazırda 5 hüquqi və 2 fiziki şəxs barəsində araşdırmalar davam etdirilir. Araşdırmalar zamanı aşkar edilmiş faktlar üzrə əvvəllər əmək müqaviləsi olmadan işə cəlb edilmiş işçilərlə əmək müqavilələrinin bağlanması təmin edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi istiqamətində aidiyyəti dövlət qurumları ilə əməkdaşlığını bundan sonra da davam etdirəcək.
Femida.az
Oxunub: 572
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- "Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb
- Azərbaycan Baş Prokurorluğu: "Ermənistanın təxribatları ilə bağlı cinayət işləri başlanılıb"
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib