Erməni lobbisi Xocalı soyqırımını etiraf etdi - VİDEO


14:48     02 Mart 2018 2018/03/15199721361031652166_1000x669_1519973043_1519973402.jpg

Ermənilər Xocalı soyqırımını danmağa, həqiqəti yalanlarla pərdələməyə, faktları iddialarla əvəzləməyə davam edirlər. Bu çirkin prosesdə illər əvvəl olduğu kimi, xarici ölkələrdəki erməni diaspor funksionerləri rəsmi İrəvandan bir addım irəlidədir.


Femida.az xəbər verir ki, ABŞ-dakı erməni lobbisinin rəhbərlərindən biri Xocalı qətliamının Ermənistan qoşunları tərəfindən həyata keçirildiyini etiraf edib.

Amerikadakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya ştatının Senatında fevralın 28-də həyata keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib.

Dinləmələrin ardınca zalda əyləşənlər şərh və suallar verməyə dəvət olunublar. Söz alan Kaliforniyada yaşayan Azərbaycan icmasının gənc üzvləri faktlara əsaslanan sərt çıxışlar edərək, səsləndirilən yalan məlumatları ifşa ediblər. Onlar həm senatorları, həm də çıxış edən erməni lobbisinin nümayəndəsini əməlli-başlı sıxışdıraraq, Sumqayıt hadisələrinə toxunulduğu halda niyə heç bir yerdə Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş 1 milyona yaxın qaçqın və məcburi köçkün haqqında bəhs edilmədiyi, nəyə görə Azərbaycan icmasından heç kimin çıxış üçün dəvət olunmadığı və məsələlərə birtərəfli yanaşılması ilə bağlı suallar ünvanlayıblar. Pis vəziyyətdə qalan və suallara cavab verə bilməyərək hər vəchlə onlardan yayınmağa çalışan senator E.Portantiononun köməyinə erməni icmasının üzvləri yetişməyə çalışıblar.

Şərh edənlərdən biri, Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb region üzrə direktoru Mihran Tumacan (Toumajan) çıxışında həm özünü, həm də bütün erməniləri çətin vəziyyətə salaraq, Ermənistanın Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı qırğın törətdiyini etiraf edib və dolaşıq fikirləri ilə, əslində, özlərini ifşa edib. M.Tumacanın çıxışından həmin hissəni olduğu kimi təqdim edirik: "Mən burada azərbaycanlı tələbələrin səsləndirdiyi fikirlərə cavab vermək istəyirəm. Onlar yanlış olaraq Xocalıda baş verənləri soyqırım adlandırırlar. Orada baş verənlər soyqırım deyil, faciədir. Gənc yaşında həlak olmuş tanınmış Azərbaycanlı jurnalist Çingiz Mustafayevin faciə yerindən çəkdiyi videolar açıq-aydın göstərir ki, Ermənistan silahlı qüvvələri Xocalıda yaşayan azərbaycanlıları öncədən xəbərdarlıq etmişdi ki, Xocalıda ... (dili dolaşır) gərgin döyüşlər gedəcək. Bundan başqa Ermənistan qoşunları mülki əhalinin sərbəst çıxması üçün dəhliz də açmışdılar. Çoxlu azərbaycanlı bu dəhlizdən keçib gedə bildilər, ancaq bir çoxu da keçə bilmədi. Azərbaycanlı telejurnalist Çingiz Mustafayev və hadisə yerindən reportajlar hazırlayan digər azərbaycanlı jurnalistlər də qeyd ediblər ki, çoxlu sayda azərbaycanlı məhz o dəhlizdən keçmədikləri üçün öldürülüblər."

Faktiki olaraq erməni lobbisinin Amerikadakı rəhbərlərindən biri olan bu şəxs Xocalıda azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini etiraf edərək, bu cinayətə öz aləmində haqq qazandırmaq üçün çox gülünc arqumentdən istifadə edir. Axı günahsız və dinc insanların, qadınların, körpə uşaqların, qocaların ölümünə necə haqq qazandırmaq olar?



Bundan başqa, Çingiz Mustafayev və digər azərbaycanlı jurnalistlərin reportajlarına "istinad" edən M.Tumacan sırf erməni məntiqinə sadiq qalaraq ağı qara, qaranı da ağ kimi təqdim etməyə çalışıb.

Onun dediyinə görə, sən demə, "çoxlu sayda azərbaycanlı məhz o dəhlizdən keçmədikləri üçün öldürülüblər".

Halbuki, Xocalı soyqırımında vəhşicəsinə, amansız işgəncələrdən sonra qətlə yetirilən soydaşlarımızın istisnasız olaraq hamısı məhz "humanitar dəhliz" olmadığına görə öldürülüblər.

Ermənilərin "humanitar dəhliz"lə bağlı iddiaları sürəkli səslənsə də, Azərbayanın təqdim etdiyi danılmaz faktlar, habelə çoxsaylı beynəlxalq təşkilatların və müstəqil ekspertlərin araşdırmaları birmənalı olaraq göstərib ki, Xocalıda belə dəhliz, ümumiyyətlə, olmayıb.

Femida.az

Açar sözlər: #ABŞ   #Xocalı   #Soyqırım   #Erməni   #lobbi  

Oxunub: 893