İlham Əliyev Kürdəmirdə açılışlar etdi


00:22     18 Sentyabr 2015 OM03u4v.jpg

Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfər edib.


Femida.az xəbər verir ki, dövlət başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov prezident İlham Əliyevə həmin parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, bu parkdakı fəvvarə yenidən tikilib, burada oturacaqlar quraşdırılıb, yaşıllıq işləri görülüb. Parkda istər rayon sakinləri, istərsə də qonaqların mənalı istirahəti üçün bütün şərait yaradılıb.

İlham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Dirəyin yerləşdiyi üst meydançada dövlət himninin, dövlət gerbinin və Azərbaycanın xəritəsinin təsvirləri yerləşdirilib. Burada Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədiyi kəlam qızılı hərflərlə həkk olunub. Bayraq Meydanı əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub.

Dövlətimizin başçısı Bayraq Meydanının rəmzi açılışını bildirən lenti kəsdi.

Qeyd edildi ki, meydanın tikintisinə 2014-cü ildə başlanılıb. Beş hektar sahədə yerləşən Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb. Meydanda Bayraq Muzeyi inşa edilib, rayon gənclərinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə gənclər kafesi inşa olunub. Burada, həmçinin idman qurğuları meydançası, velosiped zolağı salınıb.

Möhtəşəmliyi ilə diqqəti cəlb edən Bayraq Meydanı kürdəmirlilər və rayona gələn qonaqların hər birinin qəlbində iftixar və qürur hissi oyadır. Bütövlükdə, geniş yaşıllıq işlərinin aparıldığı kompleks rayonda gedən abadlıq-quruculuq tədbirlərinin ardıcıl xarakter aldığını nümayiş etdirir. Müasir səviyyədə inşa olunan bu meydan indi rayonun ən gözəl yerlərindən birinə çevrilib.

Bundan başqa İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, binanın inşasına 2014-cü ilin mayında başlanılıb. İkimərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb. Burada geyinib-soyunma, oyun, yataq, kompyuter otaqları, idman, musiqi və gimnastika zalları fəaliyyət göstərəcək. Bundan başqa, binada tibb və müəllimlər otaqları da var. Körpələr evi-uşaq bağçasında 30 nəfər pedaqoji işçi çalışacaq.

Bir sözlə, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq. Bağçanın ərazisində dekorativ hasar çəkilib, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, 2 yay çardağı, attraksion meydançası quraşdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan bina havalandırma sistemləri, camaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycanın dövlət siyasətinin sosial yönümlülüyü görülən hər bir işdə, icra olunan hər bir layihədə özünü büruzə verir. Uzun illər boyu təmir olunmadığına görə yararsız vəziyyətə düşmüş kənd yollarının abadlaşdırılması bunun əyani sübutudur. Hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti onun yolunun rahat olmasıdır. İndi ölkənin demək olar ki, əksər regionlarında kənd yollarının təmiri və yenidən qurulması prosesi davam edir. Bu proses Kürdəmir rayonundan da yan keçməyib. İndiyədək rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yollar müasir vəziyyətə gətirilib. Növbəti yenidənqurma işləri Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunda həyata keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verdi ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə dövlətimizin başçısının 2012-ci il 7 mart tarixli Sərəncamına əsasən başlanılıb və bu məqsədlə Prezidentin ehtiyat fondundan 3 milyon manat, yol tikinti işlərinin tam başa çatdırılması üçün əlavə 4 milyon manat vəsait ayrılıb. İlkin mərhələdə yolun tikintisi keyfiyyətsiz aparıldığına görə sonradan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla davam etdirilib. Avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir. Yolda lazım olan bütün infrastruktur quraşdırılıb.

Sonra Prezident İlham Əliyev burada sakinlərlə görüşdü.

Xəlsə kənd sakini Hacıoğlan Hacıyev dövlətimizin başçısına sakinlərin ürək sözlərini çatdırdı.

Sonra müəllim Elmira Şıxəliyeva çıxış etdi. Carlı kənd sakini Gülməmməd Eyvazov da həmyerlilərinin minnətdarlıq hisslərini ifadə etdi.

Sonda xatirə şəkli çəkdirildi. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Eyni zamanda Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycanda regionların sürətli sosial-iqtisadi inkişafı bir daha göstərir ki, ölkədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya uğurla davam etdirilir. Paytaxtla yanaşı, bölgələrdə də mühüm sosial layihələr icra olunur. Bu fakt özünü regionlarda, yeni inzibati binaların tikintisində daha aydın büruzə verir. Bölgələrdə inşa olunan inzibati binalar sırasında Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün tikilən binalar da xüsusi yer tutur. Bu sırada partiyanın Kürdəmir rayon təşkilatının binasını da qeyd etmək olar.

Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Bunun nəticəsidir ki, ulu öndər Heydər Əliyevin yaratdığı bu siyasi partiya sıralarını getdikcə daha da genişləndirir. Partiyanın ümumi amallar naminə uğurlu fəaliyyətində rayon təşkilatlarının böyük rolu var. Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının yeni inşa olunan inzibati binalarında yaradılan müasir şərait isə əməkdaşlara günün tələbləri səviyyəsində fəaliyyət göstərməyə geniş imkanlar açır.

Partiyanın Kürdəmir rayon təşkilatının 8 350 üzvü var ki, onlardan da 3 685-i gənc, 3 002-si isə qadındır. Respublikanın hər yerində olduğu kimi, Kürdəmirdə də YAP üzvləri rayonun inkişafı üçün əllərindən gələni əsirgəmirlər.

Tikintisinə 2014-cü ilin noyabr ayında başlanılan bina zəruri infrastruktur, inventar və avadanlıqla təchiz edilib. Sahəsi 630 kvadratmetr olan ikimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası haqqında söylədikləri kəlamlar yazılıb, Ümummilli Liderin büstü qoyulub.
Binada xidməti otaqlarla yanaşı, akt zalı da yerləşir. İkinci mərtəbədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin partiya ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Bu gün ölkənin həyatında baş verən bütün mühüm hadisələrdə fəal mövqe tutan, inkişafa öz töhfəsini verən Yeni Azərbaycan Partiyası tarixin son dərəcə ağır və kəşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb. İndi bu partiyanın hər bir üzvü respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, ümumi amallar naminə həyata keçirilən siyasətə dəstək verir. Kürdəmir rayon təşkilatının timsalında bu siyasi qurumun hər bir üzvü partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olduğunu və partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşdiyini nümayiş etdirir.
Yeni binanın ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bu cür müasir binaların inşası bir daha sübut edir ki, ölkəmizin inkişafına mühüm töhfələr verən bu partiyaya inam və etimad daha da artır və onun sıraları həm kəmiyyətcə, həm də keyfiyyətcə zənginləşir.

Açar sözlər:

Oxunub: 894