Güləşçilərimiz İranda 8 medal qazanıb - FOTO


17:32     03 Mart 2018 2018/03/gulesci_1520068892_1520069623.jpeg

İran İslam Respublikasının Mazandaran vilayətinin Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçirilib.


AGF-dən Femida.az-a verilən məlumata görə, Gürcüstan, Rusiya, Ermənistan və İran komandalarının iştirak etdiyi turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri də iştirak edib.

Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləçimiz yarışda qüvvəsini sınayıb. Güləşçilərimiz turniri 2 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurub.

Davud İbrahimov (70 kq) və Orxan Abbasov (79 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə uduzan Alimaqomed Alixmayev (97 kq) gümüş medalla kifayətlənib.



Ən aşağı çəki dərəcəsində Əsgər Məmmədəliyev (57 kq) bürünc medal qazanıb, həlledici görüşdə güləşçimiz Ermənistan təmsilçisindən üstün olub. Digər bürünc medalları isə yığmamıza Elmar Kazımov (65 kq), İsmayıl Abdullayev (74 kq), Asxab Həmzətov (92 kq) və Rahid Həmidli (125 kq) qazandırıb.

Komanda hesabında yığmamız ikinci nəticə göstərib.

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Firqət İbrahimov təmsil edib.

Femida.az

Açar sözlər: #İran   #Komanda   #qızıl   #gümüş   #bürünc   #medal  

Oxunub: 930