İşə baxan hakimi dəyişdirmək olarmı? - Qanundan çıxarış


18:05     03 Mart 2018 18_03_03_1520071493.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bəzən vətəndaşlar icraatda olan məhkəmənin işindən narazı olurlar və hakimin qərəzli davrandığını düşünürlər. Bu və ya buna bənzər hallarda məhkəmə sədrinə ərizə yazaraq hakimi dəyişdirmək olarmı?

Mülki Prosesual Məcəllənin 19-cu maddəsində sözügedən məsələ izah edilir. Həmin maddəyə əsasən, aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:

- O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.
- Əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;
- Tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa;
- Şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa;
- Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.

Qohum dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürənlər, nəvələr aiddirlər.

Adətən ən çox rast gəlinən hal 19.2.3-cü maddəyə istinad edərək, hakimə etiraz edilməsidir. Əgər vətəndaş bu halla bağlı etiraz etmək istəyirsə, məhkəməyə verilən etirazın əsasları sübut edilməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilməsə, işə baxan məhkəmə ərizəni baxılmamış saxlayacaq. Yəni bu etirazı sadəcə hakimi "bəyənmədiyinə", "görək başqa hakim necə baxacaq?" niyyəti ilə etmək düzgün deyil.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #məhkəmə   #hakim   #qanun   #məcəllə   #hüquq   #femida   #vəkil   #hüquqşünas  

Oxunub: 3364