Narkotik Vasitələr üzrə Komissiyanın sessiyası keçirildi


18:14     04 Aprel 2015 bmt.jpg


Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 58-ci sessiyası keçirilib.


Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı da iştirak edib.

Komitədən Femida.az-a bildiriblər ki, sessiyaya BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin, üzv dövlətlərin və 90-dan çox nüfuzlu beynəlxalq təşkilatın nümayəndələri qatılıb. Sessiyanın açılışında BMT-nin müvafiq idarəsinin icraçı direktoru Yuriy Fedotov və digər yüksək vəzifəli şəxslər çıxış ediblər. Narkotiklərin dünya üçün yaratdığı problemlərə toxunulub, onların aradan qaldırılması yollarına həsr olunmuş 58-ci sessiyanın önəmi, həmçinin 2016-cı ildə keçiriləcək dünya narkotiklər probleminə həsr olunmuş BMT Baş Assambleyasında baxılacaq məsələlərin hazırlanmasındakı xüsusi rolu vurğulanıb.

Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin narkotik proqramına dair direktiv göstərişləri, rəhbər orqan kimi Narkotik Vasitələr üzrə Komissiyanın sözügedən proqramın möhkəmləndirilməsindəki rolu, strateji idarəçilik, administrativ və büdcə məsələləri müzakirə olunub.

Müzakirə olunan məsələlərdən biri də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin kadr heyəti və bununla bağlı digər məsələlər olub. Müxtəlif ölkələrin nümayəndələri çıxış edərək coğrafi ərazi və gender bərabərliyi prinsipləri əsasında idarənin insan resursları ilə təminini dəstəkləyiblər.

Sessiyada, həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2014-2015-ci illərdə büdcəsinin icrası haqqında məruzəsi dinlənilib.

Bundan başqa, dünyada narkotiklər problemi ilə mübarizənin kompleks və balanslaşdırılmış strategiyasının hazırlanması üçün siyasi bəyannamənin və beynəlxalq əməkdaşlıq üzrə fəaliyyət planının həyata keçirilməsi məsələləri müzakirə olunub. Həmçinin tələbin və təklifin azaldılması, bununla bağlı tədbirlər, pulların yuyulması ilə mübarizə, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Daha sonra BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən cinayətkarlığın qarşısının alınması və ədalət mühakiməsinə həsr olunan - 2015-ci ildə Qətərdə keçirilməsi nəzərdə tutulan 13-cü konqresinə hazırlıq barədə və “Paris Pakti” təşəbbüsü çərçivəsində, habelə Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzinin “əfqan” mənşəli tiryəkin qanunsuz dövriyyəsi təhlükəsinə qarşı mübarizə səylərinin dəstəklənməsi, bundan əlavə 6 ölkədə alternativ inkişaf proqramının həyata keçirilməsi tədbirləri barədə iştirakçılara məlumat verilib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi donor hökumətlərin fəaliyyətini qiymətləndirərək bu məsələnin vacibliyini diqqətə çatdırıb. 2014-2015-ci illər üçün idarənin mandatının və müvafiq proqramların səmərəli yerinə yetirilməsində maliyyə problemləri, eləcə də stabil maliyyələşməyə keçidin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Femida.az 

Açar sözlər:

Oxunub: 757