Üzeyirdən Üzeyirə Azərbaycan musiqisi - Eldar Mansurov ilə özəl müsahibə


14:18     18 Sentyabr 2015 431463_358433294188607_204943553_n3.jpg

Bu gün Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 130 ili tamam olur.


Üzeyir Hacıbəyov haqqında nə qədər danışsaq, nə qədər müzakirələr aparsaq, yəqin ki, az olar. O, Azərbaycan musiqisinnin banisidir, Azərbaycan mədəniyyətinin yetişdirdiyi ən görkəmli şəxslərdəndir. Femida.az dahi şəxsiyyətin doğum günü ilə əlaqədar tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Eldar Mansurov ilə həmsöhbət oldu. Həmin müsahibəni sizə təqdim edirik:

- Eldar müəllim, Azərbaycan musiqi sənətində Üzeyir Hacıbəyovun yerini necə görürsünüz?

-Üzeyir Hacıbəyov haqqında çox deyilib, çox yazılıb. Üzeyir Hacıbəyov Nizami, Füzuli, Nəsimi və bir çox başqa dahilərimizin arasında öz şərəfli yerini tutub.

- Azərbaycan incəsənəti keçən 60-70 il ərzində Üzeyir Hacıbəyov səviyyəsində sənətkar yetişdirə bilibmi?

– Üzeyir Hacıbəyov Azərbaycan musiqisinin banisidir. Ondan sonra gələn bütün sovet dövrünün bəstəkarları məhz Üzeyir bəyin təşəbbüsü ilə, bir qismi Rusiyada, digərləri isə Bakıda təhsil alıb bəstəkarlıq sənətinə yiyələniblər. O vaxtlar Bakı Konservatoriyasının bəstəkarlıq şöbəsində yüksək səviyyəli peşəkar bəstəkar və musiqişünaslar dərs verərdilər. Əfsus ki, bu gün belə müəllimlər artıq yoxdur.



- Üzeyir Hacıbəyovdan bu günə musiqi sənətimiz nələri itirib?

- Təsəvvürünüzə gətirin ki, Qara Qarayev, Fikrət Əmirov kimi dahilərimiz müstəqil Azərbaycanda yaşasaydılar daha nələr və nələr yaradardılar…

-Niyə müasir dövrdə opera sənəti tənəzzül edib?

-Opera sənəti keçən əsrdə çox inkişaf etmişdi. O vaxt ki, bəstəkarların demək olar ki, bir çoxu yaradıcılıqlarının ən yüksək nöqtəsi opera yazmağı sayırdılar. Çünki, bu operalar dövlət tərəfindən qiymətləndirilirdi, yüksək səviyyədə səhnələşdirilib xalqa nümayiş etdirilirdi. Bu gün, XXI əsrdə opera janrı ölkəmizdə artıq heç bir maraq kəsb etmir. Çünki, artıq çoxdandır ki, opera yazan bəstəkarlar da daha yoxdur. Bəstəkarlıq şöbəsini bitirən tələbələr “səs yığımı”na bəstə, musiqi deyirlər. Opera janrı isə melodiyası olan musiqilərdən ibarət olur. Baxın görün, “Koroğlu”, “Nərgiz”, “Sevil”, “Xanəndənin taleyi”, “Natəvan” və digər operalarımızın bir çox ariyaları bu günə qədər hələ də yaddaşlardadır. Keçmişdə opera yazan bəstəkara yüksək qiymət verilirdi. Hər adam opera yaza bilmirdi, buna həm vəsait, həm də çoxlu vaxt tələb olunurdu. Bizim dövrdə dünya səviyyəsinə yüksək dərəcəli opera əsəri çıxartmaq üçün böyük vəsait və dövlət tərəfindən dəstək tələb olunur.



-Bilindiyi kimi dahi Üzeyir bəyin əsərləri bəzi hallarda erməni mədəniyyətinin nümunəsi kimi göstərilir. Buna aid kifayət qədər faktlar var. Bu gün erməni plagiatçılığına qarşı yetərli mübarizə aparılırmı? Ermənilərə yerindəcə cavab verilirmi?

-Təkcə Üzeyir bəyin əsərləri deyil, digər azərbaycan bəstəkarlarının əsərləri də, xalq musiqimiz, folklorumuz, hətta muğamlarımız da ermənilər tərəfindən hələ sovet dövründən mənimsənib, özünküləşdirilib. Belə bir halın sonu hələ ki, görünmür. Nə qədər ki, torpaqlarımız ermənilərin əlindədir, musiqimizə də, mədəniyyətimizə də təcavüz davam edəcək.



- Müasir dövrdə Üzeyir deyəndə Hacıbəyov yox, Mehdizadə yada düşür. Bu xalqın zövqünün korlanmasından irəli gəlir, yoxsa başqa amilləri nəzərə almalıyıq?

- Qısaca olaraq deyərdim ki, hərəsinin öz yeri var. Üzeyir bəy bütün Azərbaycan xalqı üçün dövlət atributlarına – himnimizə, gerbimizə bərabər bir simvoldur. Üzeyir Mehdizadə isə artıq zövqü korlanmış bir qisim həmvətənlərimizin sevimlisidir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3256


Oxşar xəbərlər