SON DƏQİQƏ: Narkoloji Mərkəz qəsdən yandırılıb - Həbs edilən var


16:22     06 Mart 2018 18_03_06_1520324635.jpg

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın barədə məlumat yayıb.


Femida.az -a daxil olan məlumatda qeyd olunur ki,fakt üzrə dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, həmçinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı Prezidentin tapşırığına əsasən təxirəsalınmaz prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslər və Mərkəzin tibb personalı şahid qismində dindirilib, zəruri ekspertizalar təyin edilib.

Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.

Femida.az

Açar sözlər: #Narkoloji_dispanser   #Yanğın   #Həbs   #Prokurorluq   #DİN   #Son_Dəqiqə  

Oxunub: 15120