Ad, soyadını dəyişdirən şəxs sənədlərini necə yeniləməlidir?- Hüquqi yardım


18:20     06 Aprel 2018 18_03_06_1520330153.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə mövzumuz ad, soyad, yaxud ata adının dəyişdirilməsindən sonra vətəndaşların yaşadığı problemlərlə bağlıdır. Belə ki, ad, soyad, yaxud ata adının dəyişdikdə, buna qədər vətəndaşa verilmiş sənədlər, diplomlar, arayışlar və s. hamısı hüquqi qüvvəsini itirmiş sayılır.


Vəkil Tural Süleymanovun sözlərinə görə, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir:

“Proses qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon polis idarəsinə göndərir. Rayon polis idarəsi sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Rəy uyğundursa, ərizə təmin edilir.

Əgər ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir”.



Vəkilin sözlərinə görə, qeydiyyat şöbəsi ad, ata adı və soyad dəyişdirildikdən sonra şəxsiyyət vəsiqəsinin və digər sənədlərin dəyişdirilməsinin zəruriliyini ərizə verən şəxsə izah etməlidir:

“Qeydiyyat şöbəsi adın, ata adının, soyadın dəyişdirilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların adının, ata adının, soyadının dəyişdirilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə, doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin adının, ata adının və soyadının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verir”.

Hüquqşünas Ellada Bayramova isə ad, soyad və ya ata adını dəyişdikdən sonra sənədlərin dəyişdirilməsinin vacib olduğunu qeyd edib:

“Əvvəlcə qeyd edim ki, ad, soyad və ya ata adının dəyişdirilməsi üçün vətəndaş mütləq əsaslı səbəb göstərməlidir. Əks təqdirdə Qeydiyyat İdarəsi bu müraciətə müsbət cavab vermir. Belə olan halda vətəndaş məhkəməyə müraciət edərək ad, soyad və ya ata adının dəyişdirilməsini tələb edə bilər.

Ad, soyad və ya ata adını dəyişdikdən sonra o, mütləq yenidən müvafiq qurumlara müraciət edərək sənədlərini yeniləməlidir. Bunun üçün ən asan və rahat üsul Asan Xidmətə müraciət etməkdir. Bir çox dövlət qurumunun xidmətləri Asan Xidmətdə mövcud olduğuna görə, vətəndaşlar haqqındakı bir çox hüquqi sənədi burada yeniləyə bilər”.



Ellada Bayramova bildirib ki, diplomu dəyişdirmək üçün isə Qeydiyyat Şöbəsinin adın dəyişdirilməsi ilə barədəki arayışını, yaxud məhkəmə qətnaməsini köhnə diplomla birlikdə ali təhsil aldığı qurumuna təqdim etməlidir. Universitet bu qərarın əsasında vətəndaşa yeni diplom verir.


Amin Nəzərli


Femida.az

Açar sözlər: #hüquq   #hüquqi_yardım   #hüquqşünas   #vəkil   #femida   #Asan_xidmət   #sənədlər   #qeydiyyat   #məhkəmə  

Oxunub: 12973