ABŞ-da “Üzeyir Hacıbəyli Günü” elan olundu - BƏYANNAMƏ


15:38     18 Sentyabr 2015 hajibeyli_tedbir_180915_04%20-%20Copy5.jpg

ABŞ-ın Los Anceles şəhərinin meri Erik Qarsetti bəyannamə imzalayaraq, 18 sentyabr 2015-ci il tarixinin Los Ancelesdə “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacağını elan edib və bütün şəhər sakinlərini bu günü qeyd etməyə çağırıb. Femida.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda bildirilir.


Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar qəbul edilmiş bəyannamədə dahi bəstəkarın Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanır, onun ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında yeni bir musiqi janrı yaratdığı diqqətə çatdırılır.

Bəyannamə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub. Sənəddə, Ü.Hacıbəylinin milli musiqimizə verdiyi töhfələrlə yanaşı, onun Azərbaycan maarifçiliyində oynadığı önəmli roldan da bəhs olunur. Qeyd olunur ki, Ü.Hacıbəylinin yaradıcılığının təsir gücü Azərbaycanın sərhədlərini aşaraq bütün Avrasiya bölgəsinə yayılıb.

Eyni zamanda, bəyannamədə dahi bəstəkarın müsəlman dünyasında ilk opera və operettanın müəllifi olduğu qeyd olunaraq, “Arşın Mal Alan” operettası və filmi barədə məlumat verilir və bu səpkidə filmin rənglənmiş versiyasının 19 sentyabr 2015-ci il tarixində ABŞ-da ilk dəfə olaraq Los Ancelesdə nümayiş etdiriləcəyi bildirilir.

Qeyd edək ki, bu, ABŞ-ın ikinci ən böyük şəhəri olan Los Anceles şəhəri tərəfindən Ü.Hacıbəyli ilə əlaqədar qəbul edilmiş ilk sənəddir.

Həmçinin, Kaliforniyanın artıq digər 5 şəhəri tərəfindən də oxşar məzmunlu sənədlər qəbul edilərək, 18 sentyabr 2015-ci il tarixi həmin şəhərlərdə “Üzeyir Hacıbəyli Günü” elan olunub. Bu şəhərlər, San Dieqo, Lonq Biç, Santa Monika, Vest Hollivud və Monterey şəhərləridir.

Açar sözlər:

Oxunub: 1787