Bakı oğrularının `şahı` necə öldürülmüşdü – Gerçək tarixçə

Bakı oğrularının `şahı` necə öldürülmüşdü – Gerçək tarixçə

15:08     07 Mart 2018 18_03_07_1520406665.jpg

Dosye: Şahmurad Şahpələngoğlu




Ayamaları: "Bakinskiy şax", "Şahqədəş". İttifaqın ən nüfuzlu qanuni oğrularından biri kimi ad çıxarıb.
1922-ci ildə Xızı rayonunun Kovxanlı (Əmizdərli) kəndində anadan olub.
1940-cı ildə oğurluq üstündə ( Şahnazarovun evini “apardığına” görə) tutulub.
1941-ci ildə hərbi xidmətə göndərilib.
Bir neçə həftə sonra qolundan yaralandığına görə tibbi komissiya onu müharibəyə yararsız sayaraq, hərbi xidmətdən azad edib.
1945-ci ildə yenidən həbs edilərək Rusiya zonlarına, Rostova, oradan isə Odessaya etap olunub.
1948-ci ildə azadlığa çıxdıqdan altı ay sonra üçüncü məhkəmə qərarını dinləyib. Bu dəfə də günahı oğurluq olub, çörək zadodunun direktorunun mənzilini `təmizlədiyinə` görə 3 il azadlıqdan məhrum edilib.
1953-cü ildə amnistiya sayəsində azadlığa buraxılsa da, az sonra Xaçmazda həbs edilib.
Dəfələrlə haramlıqla milyonlar qazanmış müftəxorların evlərini aparsa da, ömrünün sonunadək Yuxarı Dağlı küçəsində kirayədə yaşayıb.
1955-ci ilin yanvarın 9-da 6-cı koloniyada “Gəncəli Qara” tərəfindən qətlə yetirilib.

...9 yanvar 1955-ci il. Yalquzaq kimi vıyıldayan xəzrinin səsini bir qışqırtı batırdı. Qışqırtı türmənin dəmir barmaqlıqlarından yapışmış bir kişinin boğazında ilişib qaldı. Bu səsdə insan bağırtısı deyil, yaralı heyvanın boğazından axan dəhşət xırıltısı vardı:

- Vora ubili...i...i! Şaxmurada ubili!


Bir an sonra hər şey sınır, çökür, yuvarlanır, toqquşur, çatlayır, dağılırdı... Bura 6-cı kolon idi. Qazamatın dəmir barmaqlıqlı pəncərələri, onun ardın-ca pəncərəni haşiyəyə almış divardakı kərpiclər yuvarlanaraq yerə doğru uçurdu. Binanın içindən yandırılmış döşəklərin tüstüsü burum-burum pəncərədən çıxaraq küləyə qarışır, binanın üstündə əriyərək küləyə qarışaraq yox olurdu.

Az sonra 6-cı kolonla yanaşı dayanmış peresılkadan (paylama məntəqəsi) da dəhşətli bağırtılar eşidilməyə başladı və orada sınan, dağıdılar, yuvarlanan əşyaların səs-harayı kolondakı gurultunu batırdı... Dustaqlar o tərəf-bu tərəfə qaçışır, sındırır, yandırır, dağıdırdılar.

İki gün əvvəl Rusiyadan gəlmiş etapın məhbusları daha azğınlıqla, daha qəddarcasına uçurur, daha bərkdən qışqırırdılar.

Hamı biri-birinə qarışmışdı. Artıq 6-cı kolona doluşmuş rus məhbusların axını qarşılarına keçən hər şeyi qudurğan sel kimi yuyub aparırdı. Çoxu-nun əlində bıçaq, pəncərənin armaturu, taxta parçaları vardı. Qarşılarına çıxan məhbusu qanına qəltan edərək yeni qurban ardınca qaçan bu dəstə şahə qalxan fırtına kimi hər şeyi basıb əzmək, ağuşunda sıxıb boğmaq ehtirası ilə irəliləyir, uğuldayır, bağırırdı...




Birdən dəstə dayandı... Küncə sıxılıb, qorxudan gözləri hədəqəsindən çıxmaq dərəcəsinə gələn üç nəfəri hamı birdən gördü. Ölü bir sükut yarandı. Üç nəfərin alnını iri tər damlaları örtmüşdü... Hər üçü nə isə demək istəyir, ancaq səsləri çıxmırdı... Dəstə isə addımbaaddım yaxınlaşır, irəlidə gedənlər caynaqlarını qarşılarında oynadaraq dişlərini qıcırdırdılar. Üç nəfəri boğaraq biri-birinin üstünə qalaqlayan dəstə yenidən hayqırdı və yenə irəli cumdu.

Barakın içində də qırğın gedirdi... Tüstü içərisində o tərəf-bu tərəfə qaçı-şan dustaqların hamısının əlində bıçaq vardı. Hamı ancaq bir adı çağırırdı:
- Qde Qara? Qde ubiytsa Şaxa Bakinskoqo?

Barakın ortasında qarnından sinəsinədək cırılmış bir nəfər ölüm aqoniyası içərisində inləyir, "su verin, su verin, əclaflar!" - deyə yalvarırdı. Bir aza-cıq kənarda başı dağıdılmış başqa bir meyit uzanmışdı...

Ruslardan ibarət dəstə içəri girəndə pəncərəni sökərək divarı uçurmağa səy göstərən səkkiz-on nəfər məhbus əllərinə kərpic paraları götürərək, onlara tərəf cumdu. Qabaq sırada "Smert!", "Smert!" deyə bağıran iri cüssəli iki nəfərdən biri biri-birinin ardınca başından dəyən kərpic paralarının zərbəsindən sonra bıçaq tutmuş əllərini yuxarı qaldıraraq, ar-xasında dayanan yoldaşlarının qucağına yıxıldı. Gicgahından fəvvarə vuran qan üzərinə əyilmiş məhbusların üz-gözünə, üst-başına fışqırıb sə-pələndi. Bir an hamı donub qaldı. Kəlləsi dağılmış etapçı bir neçə dəfə dartınaraq xırıldadı və bütün bədəni arxaya doğru qövs kimi əyilərək qa-cındı...

"A...a...a!" - deyərək hayqıran etap dəstəsi ilə 6-cı kolonun yeddi-səkkiz nəfər məhbusu əlbəyaxa vuruşa girişdilər... Gözlərini qan örtmüş iki nəfər biri-birinin bıçaq tutmuş əllərindən yapışıb tiyəni kənara yönəldir, dişlərini qıcırdaraq əcaib səslə xırıldayırdılar. Birdən 6-cı kolonun məhbusu qolla-rını boşaltdı və müvazinətini saxlaya bilməyən rus balası onun üzərinə yıxıldı...

Etapçının boğazı koloniyalının ağzına dirəndiyindən o, dişləri ilə sanki əlahəddə dayanmış hulqum çıxıntısını qamarlayaraq canavar kimi vəngildəyirdi... Rus oğlan onun üz-gözünü cırmaqlayır, çabalayır, boğazına yapışmış başı sol əli ilə kənarlaşdırmağa çalışırdı. Birdən o, bütün gücü-nü toplayaraq aqoniya içində dartınıb bıçaq tutmuş sağ əlini rəqibin bar-maqları arasından qopardı və var gücü ilə tiyəni rəqibinin böyrünə yortdu.

Ətrafda da hayqırtı, söyüş, inilti, zarıltı səsləri eşidilməkdə idi... İki nəfər qalmışdı ayaq üstə... Və onlar bir əlində bıçaq, digərində lom tutmuş hal-da addım-addım biri-birinə doğru yaxınlaşırdılar... Ortada artıq tam yanmış döşəyin son ölü tüstüsü nazik xətt boyu azacıq qalxaraq sökülmüş pəncərədən içəri dolan şaxtalı küləyin təsirindən yox olurdu...

Tüstülənən döşəyə bir addım qalmış hər iki məhbus dayanaraq bir qədər aşağı qısıldılar. Sanki bəbirlə ayı üz-üzə gəlmişdi... Birdən hər ikisi dikəldi...
- Alibobbi?! - deyə "ayı" qışqırdı.
- "Yurka"?! Yurik, druq moy! Neujeli eto tı?.. Brat! Bratuxa! - deyərək "bəbir" bir addım irəli gələrək indicə başını dağıtmağa hazır olduğu etap olunan dustağı qucaqladı.

Hər ikisinin bıçağının ucu digərinin kürəyinə dirənmişdi... Onlar biri-birinin his basmış sifətlərini öpür, ağlayırdılar.

- Şaxmurada net v Jivıx, Şaxmurada! Bakinskoqo şaxa netu... - Əlibaba göz yaşını qanlı əli ilə silərək pıçıldadı.
- Da, obidno, takoqo velikoqo çeloveka poteryali... Naşeqo çeloveka poteryali!.. Na-şe-qo!

Əlibaba Yurkadan soruşur ki, bəs nə üçün etap olunan dəstə kolondakı məhbuslara hücum edir. "Qatili axtarırıq" - deyir Yura. - Həm də bu, necə kolondur ki, ittifaq miqyaslı oğrunu öldürməyə imkan verib.

- Kim belə hadisəni əvvəlcədən görə bilərdi? Şahmurad kolonun tacı idi! - deyərək ağlayır Əlibaba.

Bu vaxt koloniyanın yanında iki yanğınsöndürən maşın fit səsləri verərək sökülmüş pəncərələrdə topalaşmış dustaqları su şırnağı ilə içəri atırdı. Gözə dəyən, tərpənən kim vardısa, təzyiqlə vurulan su axını ona tərəf yönəlirdi. Koloniyanı üzük qaşı kimi dövrəyə almış milis işçiləri, nad-zorların birinci həlqəsi kolonun içərisinə daxil olanda artıq qaş qaralırdı.



Hər tərəfdən "geri çəkilin!", "ora olmaz!" nidaları eşidilir, dustaqlarla görüşə gələnləri türmənin sahəsindən uzaqlaşdırmağa çalışırdılar.
Yüzlərlə adam 6-cı kolonun ətrafında qaçışır, "Lotu Şahmuradı öldürüblər" - deyə həyəcanla biri-birlərindən aralanırdılar. - İyirmidən artıq adam ölüb, əllidən çox məhbus yaralıdır...

Kimdir görəsən ölənlər, yaralılar? Bu haqda heç kəs bir söz deyə bilmirdi...
Bir nəfərin adı sələnirdi - Şahmurad! Dağlı Şahpələng oğlu Şahmurad!

* * *

Xızı... Torpağında Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi dühaların dünyaya göz açdığı diyar... Köhnə Bərmək mahalının - Xızının əllidən çox kəndi 1917-ci ildən əvvəl sovetlərin Lenin-Stalin dövründəkindən qat-qat yuxarı səviyyəli olub. Bu kəndlərin açılmamış, araşdırılmamış tarix səhifələ-rində çox igidlərin, çox böyük müdriklərin adları yazılmalı idi. On səkkizinci, iyirminci illərin tuthatutunda, qırhaqırında mollaları, axundları, elm-maarif adamlarını bir bəhanə ilə tutub damlayanda Xızı mahalının camaatı pərən-pərən düşdü...

Məşədi Xeyrullanın oğlu Şahpələng də dəstə-dəstə Bakıya axışan dağlılara qoşularaq ulu babasının obasını tərk etdi. Bakıda özünə iş axtarıb ailəsini dolandırmağa çalışan Şahpələngin altı övladı vardı. Bakı-Xızı yolunda əldən düşən Şahpələng ailəsini də Bakıya gətirmək məcburiyyətində qalır, ev kirayələdi.

Şahmurad hələ lap körpə olarkən qohum-əqrabasının başına gətirilən min bir işgəncədən, zindanlarda cəlladların əli ilə topuqları, biləkləri sındırılaraq qətlə yetirilən Axund Məmmədşərif haqqında eşitdikcə yeni quruluşa olan nifrətini kiçik qəlbinə yığaraq oxumaq, savadlı olmaq, onlara oxşamaq istəyirdi. Gələcəkdə Axund Zəki, Mirzə Əbdülqədir kimi halallıq, doğru-düzgünlük, elminə və insaniyyətlərinə hörmət qoyulan, əlimyandı-da olan insanlarçün qapısı həmişə açıq olan adam kimi böyümək istəyirdi Şahmurad.

Atası Şahpələng də oğlunun istedadına, incə zövqünə, qavrama qabiliy-yətinə görə onu oxutmaq məqsədilə dəridən-qabıqdan çıxırdı. Məktəbdə rus sektorunda oxuyurdu Şahmurad.

Kirayə qaldıqları Həcər xalagilin həyətində onu həmişə əlikitablı görərdilər. Hələ ibtidai sinifdə oxuyarkən Tolstoyun, Dostoyevskinin (hətta müəl-limlərinin başa düşmədiyi) əsərlərini oxuyar, fikrə dalaraq oxuduqlarını təhlil edərdi. Evlərində rus dilini bilən yox idi. Yuxarı Dağlı küçəsindəki 10 saylı dalanın həndəvərində də bu kitabların məğzini ona anlada bilən bir nəfər tapmadıqda Pyanıy uqoldan bir qədər aşağıda yaşayan yəhudi sinif yoldaşı Qriqori Rıskingilə gedərdi.

Lazar İzrailoviç (Qriqorinin atası) hüquq elmi ilə məşğul olurdu və əslən Odessadan idi. Şahmurad dostunun atasında olan hərtərəfli biliyə heyran qalar, uşaq səmimiyyəti ilə:

- Dyadya Lazar, otkuda u vas takoe znanie? - deyə gözlərini onun üzünə dirəyərək soruşardı.

- Uçis ditya, poka poperek lavoçki lejit, a kak vdol lavoçki lyajet, toqda pozdno budet. (Yəni nə qədər ki, uşağın beyni təmizdir, dərd-sərd doldur-mayıb oranı, oxutmaq lazımdır.) Sən götür oxu. Əlinə nə düşsə oxu, amma çalış ki, heç olmazsa oxuduqlarının yarısını başa düşəsən. Fikirləşməyi öyrən. Onda sən hansı sahədən oxusan, həmin sənətin bilicisi olarsan. Bax, bu kitabı sənə verirəm, bir həftədən sonra mənə nə başa düşdüyünü danışarsan, - deyə Lazar İzrailoviç ona çox da qalın olmayan bir kitab uzatdı. - Qədim Roma qanunlarının başlanğıcı sayılan on iki sirli cədvəldir. Oxuyub bir şey anlasan, sənə başqa kitablar da verəcəyəm.

Bir həftə ərzində Şahmurad onu üç dəfə oxudu. Birinci dəfə heç nə başa düşmədi. İkinci kərə o, başa düşdü ki, dövlət müxtəlif əmrlər, göstərişlər, qərarlar çıxarır və qanun onların ən yüksəyidir. Üçüncü dəfə oxuyanda aydın oldu ki, əmrlər, göstərişlər, qərarlar ayrı-ayrı şəxslərə, idarələrə aiddir, qanun isə hamıya, lap imperatora da aiddir, özü də məcburidir. 14 yaşlı Şahmurad bunları başa düşəndə güldü.

Bayaqdan oğlunun dərin fikirlərə dalıb, nə isə götür-qoy etdiyini izləyən Şahpələng oğlunun başını sığallayıb:
- Nədir oğul, maraqlı kitabdır? - deyə soruşdu.
- Qədim Romada hətta uşaqlar da qanunları əzbər bilirdilər, ata, amma indi qanunu icad eləyənlər də bilmirlər ki, qanun hamı üçündür, məcburidir... Guya bizdə hamı bərabər yaşayış səviyyəsində olmalıdır. Axı belə döyül. Mənimlə Edik Şahnazarov oxuyur. Atası prokurordur, tutulan kolxozçulara ölüm cəzası tələb etdi... Bəyəm iki inəyi, bir öküzü olan adam kulakdırmı? Axı həmin öküz, inəklər ona atasından qalıb. Mən kolxoza yazılmaq istəmirəm. İnəyimin südünü satıb yaşamaq istəyirəm. Səhər saat dörddə yuxudan oyanıb, başqa kəndə getmək, oradakı kolxozda inək sağmaq istəmirəm. O qanunu yazandan soruşasan ki, sənin anovu, arvaduvu məcbur eləsinlər ki, beş kilometr yol gedib, inək sağacaqsan, razı olarmı? Özü də gecənin yarısı. İnəklərini kolxoza verməyənlərə güllələnmə cəzası tələb edən prokurorun evindəki beş yaşlı qızına aldığı fortepianonun qiyməti bilirsən neçəyədir? İyirmi inəyin qiymətinə - deyə Şahmurad qızğınlıqla, əl-qolunu ölçərək danışırdı.

- Onu sən haradan bilirsən?

- Ad gününə aparmışdı bizi. Evlərindəki hər şeydən qan qoxusu gəlirdi. Çünki o, böyük cəllad idi. Ölüm cəzasını icra edən kiçik cəlladdır. O, vəzi-fəsini yerinə yetirir... İki inəyini kolxoza verməyən kəndçiyə ölüm cəzası tələb edən prokuror - böyük cəllad.... Stolunun üstündəki hər şey qan qoxulu olsa da, onu iştahla xirtdəyinə təpişdirən, üstündən də qan rəngli ş-rab içən qanun keşikçisi...

- Bəs sən orada heç nə yemədin? - deyə Şahpələng sınayıcı nəzərlə hirsindən yanaqları qızarmış oğluna baxdı.
- Yox! Mən orada hər şeyi dağıtmaq, sındırmaq, bir-birinə qatmaq istəyirdim.


...`Dodik Ələkbər`in xatirələrindən:

- Şahmurad və qardaşı Xeyrulla ilə iki xodkada xlebnik olmuşam. Həmin qətl günü Xeyrulla ilə mən də 6-cı kolonda idik. Rusiyadan gələn 25 il cəza almış dustaqlara qrev çatdırmaq üçün vaxtanın yanında dayanmışdıq ölüm xəbərini eşidəndə. Başılovlu baraka doğru götürüldük.

Beş dəqiqə əvvəl sağ salamat qoyub getdiyimiz Şahqədəş bizim yanımızda şestyorka kimi oturan Slavaya kartof qızartmağı tapşırıb üzünü mənə tutaraq:

- Mən gedim hamama, azacıq yaxalanım, siz də pay-püşü peresılkaya ötürüb, tezcə qayıdın, toqqanın altını bərkidək,- demişdi.

İki gün əvvəl dayısı Əliağa iki dolu zənbillə görüşümüzə gəlmişdi. Şahmurad dayısına dedi ki, ola bilsln bir həftəyə, on günə Rusiya zonlarından birisinə yatab göndəriləcək. Xozeyin yuxarılardan nəyin bahasına olursa olsun lotu, oğru məsələsini həll etmək tapşıtığı alıb. Üzümə dirənib deyib ki, burada qalsan axırına çıxacaqlar, yaxşısı yatab getməkdir. Səni Sibirə göndərmək istəmirəm, Rostova, yaxud Odessaya etap olanda veş-meşokla hazır dayan. Rəis pis adam deyil, amma “kum” əfi ilandır. Ona əl-qol açmaq, istədiyini törətmək, pul qırxmaq imkanı vermədiyimdən əlimdən yanıqlıdır.

Olayı sonralar öyrəndik... Sən demə, biz aşağı düşən kimi Slavka baş gözü qanlı qayıdır baraka. Şahmurad təccüblə:
- Что с тобой, браток? С кем ты подрался? – soruşur.
- Заходил к кировабадцам, чтобы сковородку взять. Они побили меня.. .- deyir Slava.
Şahmurad qoltuğundakı dəsmalla kirovabadlıların yanına gəlir, nə hadisə baş verdiyini öyrənmək istəyir. Onlar dörd nəfər idilər.
- Bu nə hərəkətdü? Nöşün döymüsüz oğlanı? Kişi özümüzün tavasını almağa gə... – söz Şahmuradın ağzında qalır...

Qara əlindaki şvaykanı (yeyədən hazırlanan uzun tiyəli bıçaq) oğrunun böyrünə saplayır, çıxarıb bir də vurur və tiyəni tullayaraq qaçır. Onun yanındakı xlebnikləri də baş verən hadisədən şaşqınlıq içində donaraq qalırlar və bir an sora onlar da qaçaraq hadisə yerindən uzaqlaşırlar.

Biz baraka girəndə xatada Şahqədəş və pəncərə barmaqlıqlarından yapışaraq hələ də bağıran Əlibaladan savayı kimsə yox idi. Şahmurad hər iki əlini divara dirəyərək sanki nə baş verdiyini anlamayan nəzərlərlə qapıya tərəf baxırdı. Böyründən fəvvarə vuran qan damcıları döşəmədə gölməkə yaratmışdı. Hələ də pəncərədən yapışaraq “Şahmurada ubili” deyib haraylayan Əlibala qanrılaraq geri baxdı və başına döyə-döyə Şahmuradın üstünə yüyürüb qoltuğunun altına girdi. Şahqədəşin bədəni rişə içində titrəyir, gözləri süzülürdü...

...Belə hörmətli bir oğruya kimin əli qalxmışdı, heç kim inana bilmirdi. Rəhmətliyin bütün dustaqların yanında nüfuzu vardı. Kolonda oğrular çox idi, ancaq onun kimi düzgünü, qara dustağın qayğısına qalanı çətin tapmaq olardı. Qatışıqlığın birinci dalğası sakitləşəndən sonra belə bir söz-söhbət gəzdi ki, guya Şahmuradı Gəncəli Qara vurub. Amma mən indi də dəqiq deyə bilmərəm ki, bu həqiqətən beləydi, yoxsa yox. Bir məsələ də vardı ki, həmin Qaranı qatışıqlıqda nə qədər axtarsalar da, tapa bilmədilər. Sanki bir tikə əppək olub, göyə çəkilmişdi. Amma onun ucbatından gəncəlilər həmin qatışıqlıqda çox əziyyət çəkdilər. Qaradan bir soraq çıxmaması, hardasa bu məsələ barədə müəyyən şübhə yaradırdı. Belə bir söz-söhbət gəzirdi ki, ara qarışan kimi Şahmuradı vuran Qaranı mentlər özləri aradan çıxarmışdılar.



Elə buna görə də oğrular belə qərara gəldilər ki, bu nahaq qırğının qarşısını almaq lazımdır. Yoxsa belə davam etsə, hələ zonda qətlə yetirilənlərin sayı lap çox olacaqdı. Axır ki, oğrular birtəhər heç cür ipə-sapa yatmaq istəməyən 25 illik cəza alan zeklri yola gətirib, peresılkaya qayıtmağa razı sala bildilər.

Ara sakitləşəndən sonra əlisilahlı milislər zona daxil oldular. Ölənləri, yaralananları müəyyənləşdirdilər. Hardasa iyirmi nəfərədək ölən, əllidən artıq yaralanan vardı. Lakin Şahmuradın ölümü dustaqları xüsusilə sarsıtmışdı. Ömrü boyu gözündən bir damcı yaş axıtmayan, ən daşürəkli zeklər belə onun meyidinin ətrafında dayanıb, uşaq kimi ağlayırdılar. Bu da səbəbsiz deyildi. Rəhmətlik təmiz oğru olmuşdu, ədalətli oğru olmuşdu. Heç vaxt haqqı nahaqqa verməmişdi. Peresılkadan zona keçmiş zakonniklərin hamısı onun nəşinin üzərində bu qanın yerdə qalmayacağına and içirdilər.

Gecədən xeyli keçmiş hələ də dustaqlar dəstə-dəstə içəri daxil olub, müsəlman adət-ənənəsi ilə ağ mələfəyə büküb, üstünü örtdükləri Şahmuradla vidalaşırdılar. Xeyrula dizləri üstə, namaz qılırmış kimi əyilərək üzünü qardaşının ayaqlarına dirəmişdi. Bir xeyli keçdikdən sonra dörd nəfər silahlı milis həmin otağa daxil olub, meyidi çıxarmaq üçün gəldiklərini bildirdilər. Sözsüz ki, onu burada saxlamaq olmazdı. Xəstəxanaya aparılmalı, oradan da yəqin ki, doğmalarına verilməli idi.

Dustaqlardan dördü Şahmuradın qoyulduğu xərəyi cənazə kimi çiyinlərinə alaraq, onu xəstəxanaya qədər özləri aparacaqlarını bildirdilər. Mentlər zondakı ab-havadan xəbərdar olduqlarından və istənilən artıq hərəkətin partlayışa səbəb ola biləcəyini anlayırdılar. Odur ki, etiraz etmədilər. Beləcə, rəhmətliyi kolonun çıxışına qədər hamımız bir nəfər kimi yola saldıq. O hadisədən sonra hələ uzun müddət kolonda dəhşətli bir gərginlik, həyəcan hökm sürdü. Lakin yavaş-yavaş hər şey öz axarına düşməyə başladı. Həyatın qanunu budur.

Amma Xruşşov evi yıxılmış qoymadı. Sovetin birinci adamı söz vermişdi ki, bir neçə ildən sonra ittifaqda bircə oğru da qalmayacaq. Fərman verdi ki, həbsxanada vəziyyəti normallaşdırmaq lazımdır. Bu normallaşdırmaq adıyla başımıza oyun açdılar. Paltarlarımızı əlimizdən aldılar, hamıya qara dustaq paltarı payladılar, on ildən yuxarı srokları olanlara isə zolaqlı konslager paltarı. O vaxtdan adımız qaldı polosatı (zolaqlı). Laryoklar bağlandı, zaçot ləğv olundu. Sroku çox olanları ayırdılar. Bizim üçün xüsusi rejimli kalon yaradıldı. Basdılar bizi kameralara. Həmin qiyamdan sonra xoşları gəlmədiyi onlarla dustağı istintaqa apardılar, hərəsinə iki-üç-beş il əlavə srok yamayıb ya türməyə, ya da Sibirin gedər-gəlməzinə yolladılar.

Gözlədiyim kimi də oldu. Beş-altı günün içində istintaqı bitirərək işi göndərdilər məhkəməyə. Orada da nə az, nə çox – düz iki il srok oxudular mənə. Əslində bu, elə bir srok deyildi. Ancaq törətmədiyim işə görə bunu lap çox hesab edirdim. Buna oturduğun yerdə işə düşmək deyərlər. Çox haqq-hesabdan sonra yenidən 1-ci kolona göndərildim. Həmin vaxtlar rəhmətlik Nardaranlı Mirsəmədgil bu zondaydı. Onu da deyim ki, o da hörmətli cayıllardandı, sözükeçən, qorxusuz adamdı. Lotu olmasa da, onu Şahmuradla bərabər səviyyədə tuturdular. Onun həbs olunmasının səbəbi də heç nədən olmuşdu. Daha doğrusu, elə söz yeməməyinin, qorxmazlığının güdazına getmişdi.

Onlar şəhərdə yaşayırdılar. Evləri Pervomaysk küçəsindəki hamamın yaxınlığındaydı. Elə həmin ərazidə də iki nəfərlə sözləri çəpləşir. Həmin adamlardan birinin adı Həsəndi, o birinin adını unutmuşam.

Həsən deyilənin başında bir dəstə adam vardı. Əslində onun söz-söhbəti Mirsəmədin böyük qardaşı Mirhilalla olmuşdu. Görünür, məsələni tam aydınlaşdıra bilmədiklərindən dəstə Mirhilalın ardınca evlərinə gəlir. Səsə Mirsəməd çıxır və məsələdən az-çox xəbərdar olduğundan vəziyyəti anlayır. Dəstədəkilərin sir – sifətlərindən zəhrimar yağırdı. Tezcə qardaşını çağırmaq adıyla evə qayıdıb bıçaq götürür və geri qayıdır. Elə çatan kimi də dəstəbaşını bıçaqla vurur. Əslində hadisə özünümüdafiə kimi təsbit olunmalı idi, amma hər iki qardaşı qorotdelə aparmışdılar.



Yaralı iki gün sonra dünyasını dəyişmışdi. Qətl törətməsinə baxmayaraq, o vaxt nədənsə Mirsəmədə 15, Mirhilala isə 20 il srok vermişdilər. Sonradan Mirsəmədin bu srokunu 10 ilə dəyişdilər. Mirsəməd bütün Bakıda ad qazanmış avtoritetlərdən biri idi. Ölüm hadisəsinə görə həbs edilməsinə baxmayaraq, rəhmətlik sülhün, sakitçiliyin tərəfdarı idi. Sanka Zver də həmin vaxt bizimlə srok sarıyırdı.

Çox qan-qadaların qarşısını o vaxtlar birinci kolonda Mirsəməd almışdı. Özünün də təkcə dustaqlar arasında deyil, həm də türmənin rəhbərliyinin yanında da böyük hörməti vardı. Dustaqların bütün problemlərini ən çətin vəziyyətlərdə o, yoluna qoyurdu. Karsa düşənlərin, BUR-a göndərilənlərin hamısının siqaretini, yemək-içməyini təşkil etmək onun işiydi.

Srokunu başa vurub azadlığa çıxdıqdan sonra bir xeyli yaşadı. Günlərin birində isə xəbər çıxdı ki, Mirsəməd qəzaya düşüb. Dayısı oğlunun toy günü baş vermişdi bu hadisə. Binəyə gəlin gətirmək üçün gedərkən yolda qəzaya uğramışdı. Elə həmin dəhşətli gün Mirsəmədin anası da maşında olmuşdu. Bədbəxtlərin ikisi də qəza nəticəsində dünyalarını dəyişmişdilər.Allah hər ikisinə rəhmət eləsin.

Adından da göründüyü kimi, o, ağır seyid nəslindəndi. Belə götürəndə imam övladı olan kəslər gərək ki, tamam başqa istiqamətdə tanınsınlar, nəinki cinayət aləminin adamı kimi. Hələ söhbətimin əvvəlində də demişdim ki, onun oğurluq, cibgirlik kimi şərə-şür işlərlə arası olmamışdı. Yəni, o seyidliyinə xələl gətirə biləcək elə bir iş görmürdü. Qismət deyilən bir şey də var ki, ondan qaçmaq heç kəsin hünəri deyil. Vallah, elə rəhmətlik Mirsəmədlə də, Şahmuradla da oturub söhbət edirdin, ağlına, zəkasına həsəd aparırdın.

Kədərləndiyim odur ki, neçə-neçə ləyaqətli oğlan, vallah, bəzən heç nədən, bəzən də elə törətdiyi əməlinə görə o zindanlarda çürüdü, bütün həyatını məhv etdi. Hamısı insan taleyidi.

`TT Nəriman`ın dediklərindən:

- Müharibədən sonrakı beş – on il Bakıda Sovetski ilə Dağlı məhəlləsinin uşaqları xodgedənlər sayılırdılar. Müharibənin gedişi müd-dətində cəbhədə bir ayağını itirib qaydan Muğbil, onun qonşusu Valeh, Şahmurad Şahpələngoğlu, Məşədi Səfər oğlu Cavanşir, Lyalka Vanka, Həmşəri Müseyib, Doktor Ağoppa, Novxanılı Əhməd və bir neçə erməni zakonniki Bakı kriminal aləminin avtoritetləri kimi tanınırdılar.

Bütün Dağlı məhəlləsində ən sözüötən Dağlıların Lenini klikuxalı Müğbil idi, həmşərilərdə isə Doktor Ağoppa. Muğbil oğurluqla məşğul olan deyildi. Sadəcə olaraq, partiya və komsomol komitələri onu şagitrdlərə böyük qəhrəman kimi təqdim edir, on altı yaşlı yeniyetmənin faşistlərin üstünə getməsinin təbliğinə girişmişdilər. Müğbil bəzən Pavlik Morozovdan, Zoya Kosmodemyanskayadan da yüksək dərəcədə təriflənirdi. Hörmətli cayıl kimi lap gəncliyindən hamı onun yolunu saxlayırdı. Onun bir sözü-nün iki olduğunu görən olmayıb. Azərbaycanda ən məşhur söz, sənət adamlarının, bəstəkar, partiya komitəsi əməkdaşı, prkurorluq və məhkə-mə işçilərinin onunla çox yaxşı münasibəti vardı. Onun barəsində qəzet-lərdə hər gün müxtəlif məqalələr, məlumatlar verilirdi.



Günlərin bir günü Muğbil Sabunçuda düzənlənən iclasdan sonra stansiyadakı bufeə girir və Hənifə ilə rastlaşır. O da əslən dağlıydı, ancaq Balaxanıda yaşayırdı. Hamının hörmətlə ağsaqqal kimi saydığı bir adamın onun bufetinə girdiyini görən bufet müdiri zarafatla ona sataşmaq istəyir. Muğbilin ayağı şikəst idi, əsa ilə gəzirdi. Hənifə ayağı ilə onun əsasının aşağısından vuraraq əlindən yerə salır. Və onlar arasında dava düşür. Canlı-cüssəli Hənifə savaşmada Muğbilin əsasını əlindən alır. Müvazinətini saxlaya bilməyən dağlıların Lenini yerə yıxılır...

Həmin günün səhəri Sabunçuya yolum düşmüşdü. Göygöz Sabirlə görüşməliydim. Gördüm ki, bir dəstə dağlı balası yığışıblar buraya. Qədir də, Valeh də, Şahmurad da onların arasındaydı. Valeh ca-vandı o vaxtlar, çox ötkəm oğlandı. Adlı-sanlı cayıllardandı. Valeh gəlib girir bufetə, Hənifənin yaxasından yapışıb sürüyür bayıra. Sorğu-sualsız ona iki-üç yumruq vurur. Hənifə işi başa düşür, dizləri üstə iməkləyərək Şahmuradın qənşərinə gəlir: "Şahqədeş, qurban olum sənə, öldürməyin məni!", – deyəyərək ləliyir, yalvarmağa başlayır.

Valeh: "Alə, sən elə qudurmusan ki, Muğbilə əl qaldırır-san?.." – çımxıraraq bir-iki təpik də ilişdirir onun yambızına. Şahmurad qucaqlayaraq onu saxlayır. Hənifə onun ayaqlarına düşərək, yalvarmaqda davam edir. Bilirdi axı, Şahmurad onu dayandırmasa, Valeh ağlına versə öldürəsiydi. Muğbilə əl qaldıran adamı o, parça-parça etməyə hazır idi.

Mən etmədiyim oğurluq üstündə saxlanılaraq kiçmanda otururdum. Dağlı Valeh də həmin gün Bayıla gətirilmişdi. Onu gündüz presdən keçirsələr də, odinoçkaya salıb gecə ikən yenə bərk işgəncə ver-mişdilər. Bizə xörək – çay gətirən balandyor Müşfiq Tellioğlu Maruxanın qulağına pıçıldamışdı ki, Papanində öldürülüb zibil quyusuna atılan qır-mızıpapağın qatilini tapmaq üçün onlarla adam tutublar, iki erməni oğru və iki nəfər də dağlı balası daha çox şübhəli bilinir.

Onlardan biri də Valehdir. Gecənin yarısı Valehi elə döyürdülər ki, çılpaq bədənə dəyən rezin şlanqların şaqqıltısı aydınca eşidilirdi. İşgəncənin dəhşətindən bayı-lırdı Valeh, amma qışqırtısını eşidən olmamışdı. Dörd günlük işgəncələr-dən sonra ondan söz ala bilməyən NKVD mayoru Okopyan Valehi bizim kameranın qonşuluğurndakı xataya atmışdı və nəyin bahasına olsa da qətli onun boynuna yapışdırmağa can atırdı. İşgəncələr düz bir ay davam etdi... Milis işcisinin qatili olan Kecəl Curen tapıldı, Valehi isə hələ iki ay da Bayılda saxladılar. Vertuxaylar onun üç qabırğasını sındırmışdılar.

Sibirdən qayıdanda Müğbillə Ağoppa Altıağacda onun şərəfinə böyük ziyafət təşkil eləmişdilər. Kimlər yox idi həmin məclisdə? Mirzə İbrahimov, Səttar Bəhlulzadə, Seyid Şuşinski, Əbülfət Əliyev, Hacı Məmmədov, Tofiq Bayram, Həsənağa Salayev, Qabil İmanverdiyev... Ömrünün son illərində o, akademik Yusif Məmmədəliyevin maşınını sürürdü...




Bəhram Çələbi
AzVision.az

Açar sözlər: #Qanuni_oğru   #Vor   #Bakı   #Kriminal_aləm  

Oxunub: 3166