8 mart həm də Ümumdünya Böyrək Günüdür


00:28     09 Mart 2018 18_03_08_1520523560.jpg

Hər il qeyd edilən Ümumdünya Böyrək Gününün tarixi 2006-cı ilin martından başlayıb və həmin ayın ikinci cümə axşamı qeyd edilir. Əslində bu, böyrəklərin əhəmiyyəti haqqında qlobal informasiya və maarifçilik kampaniyasıdır. Onun keçirilməsi Beynəlxalq Nefroloqlar Cəmiyyəti və Beynəlxalq Böyrəklər Fondu Federasiyasının birgə səylərinin nəticəsində mümkün olub.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, Ümumdünya Böyrək Gününün əsas məqsədi beynəlxalq və dövlət təşkilatlarının, siyasi strukturların diqqətinin səhiyyəyə cəlb edilməsi, səhiyyə sisteminin inkişafına yardım göstərmək, böyrək xəstələrinin problemi ilə əlaqədar səylərin birləşdirilməsidir. Həmçinin məqsədlər sırasında tibbin bu sahəsində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, böyrək xəstəliklərinin profilaktikası, müalicə keyfiyyətinin yaxşılaşdırılması, xəstələrə yardım göstərilməsi üçün yeni dərman preparatları və tibb avadanlıqlarının hazırlanmasına diqqəti cəlb etmək də var. Dünya Səhiyyə Təşkilatının və Beynəlxalq Nefroloqlar Cəmiyyətinin məlumatlarına əsasən böyrək xəstəliyi dünya əhalisinin 10 faizi arasında yayılıb və təəssüf ki, bu rəqəm getdikcə artır. Söhbət letallıqla sona çatan, xroniki hala çevrilən ağır xroniki xəstəliklərdən gedir.

"Kəskin böyrək çatışmazlığı" və "xroniki böyrək çatışmazlığı" diaqnozu haqqında çoxları eşidib. Amma bunların ürək-damar xəstəlikləri, şəkərli diabet, QİÇS və digər xəstəliklərdə əksər hallarda ölümə səbəb olduğunu və ölüm riskini artırdığını az adam bilir. Böyrəklərin əsas funksiyası - şlakları, zərərli maddələri və duz yığıntılarını orqanizmdən təmizləməklə əlaqədardır. Həmin funksiyanın pozulması orqanizmin sürətlə intoksikasiyasına, bütün sistemin işinin pozulmasına və nəticədə ölümə aparıb çıxarır. Böyrək çatışmazlığı şəraitində istənilən xəstəliyin müalicəsi zamanı medikomentoz preparatların qəbulu orqanizmin zəhərlənməsi riskini artırır.

Femida.az

Açar sözlər: #böyrək   #ümumdünya   #səhiyyə  

Oxunub: 925