Arxanızca danışan şəxsdən şikayət etmək olarmı? - HÜQUQ


16:03     10 Mart 2018 18_03_10_1520669035.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Redaksiyamıza müraciət edən vətəndaş Pərviz İmanov bir tanışının onun haqqında yalan danışmaqla əhatəsindəki insanlar arasında şərəf və ləyaqətini alçaltdığını deyib. O, həmin şəxsə qarşı qanunvericilik çərçivəsində hansı addımı atmağın lazım olduğunu soruşub.

Bir insanın digər bir insan haqqında ortaq tanışlar, qohumlar arasında, şər-böhtan ataraq danışarsa, haqqında nalayiq ifadələr işlədərsə, bu hüquq pozuntusu sayılırmı? Bu halda hüquq-mühafizə orqanlarına müraciət etmək olarmı?

Hüquqşünas Orxan Dadaşovun sözlərinə görə, bu məsələ Cinayət Məcəlləsinin 147 və ya 148-ci maddələri ilə tənzimlənir:

"Məcəllənin 147-ci maddəsinə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlar edərək yaymaq min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Hüquqşünas bildirib ki, 148-ci maddədə isə təhqirlə bağlı müddəa yer alır:

"Təhqir, yəni kütləvi çıxışlarda şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni zamanda xüsusi ittiham qaydasında, yaxud da ki üzr istənilməsi və mənəvi zərərin ödənilməsi tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək olar. Amma bunun üçün konkret şahidlər, səs yazısı, video görüntü, yaxud yazılı sübutlar olmalıdır. Belə olan halda məhkəmə şikayət edənin xeyrinə qərar çıxara bilər".

Femida.az

Amin Nəzərli

Açar sözlər: #hüquq   #hüquqşünas   #vəkil   #femida   #hüquqi_yardım   #məcəllə   #məhkəmə   #şikayət   #qanun   #cinayət  

Oxunub: 6037