Mingəçevirdə yenə aksiya: Yolu bağladılar (VİDEO)


20:34     18 Sentyabr 2015 369978%20(2).jpg

Bu gün Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçirib.


Femida.az-ın Mingəçevirdəki əməkdaşının sözlərinə görə, aksiya iştirakçıları məcburi köçkünlər üçün tikilən binalarda ev bölgüsünün düzgün olmamasına etiraz ediblər.

Digər bir qrup isə AZ DRES qəsəbəsi, Naxçıvan küçəsi 27 -də (Gənclik Mərkəzi) yaşayan sakinlər olub. Onlar yeni tikilən mənzillərdə məcburi köçkünlərə ev verilməməsindən narazılıq ediblər.

Şəhər mərkəzində yolu bağlamaq istəyən aksiyaçıların qarşısı alınıb.

Sakinlərin sözlərinə görə, şəhərdəki yataqxanalarada məskunlaşan məcburi köçkünlərin bir qisminin köçürülməsinə baxmayaraq, Naxçıvan küçəsi 27-də məskunlaşan təqribən 13-ə yaxın ailə evlə təmin olunmayıb. Sakinlər bidirib ki, onlara müxtəlif bəhanələrlə mənzil verilməyib:

“Burada tək ev bölgüsündən narazı olan insanlar deyil. Hər dəfə evlər tikiləndə bizə deyirlər ki, sizi evlə təmin edəcəyik. Elə ki, ev tikildi, başqaları köçürülür, amma bizə ev verilmir. Yaşadığımız binada cəmi 12-13 ailə var. Bu ailələr üçün 10 dənə tikilən yeni binada ev tapılmır ki, ev verilsin?! Neçə dəfə “Qaçqınkom”a məktub yazmışıq ki, bizi evlə təmin etsinlər, onlar da hər dəfə bizi başlarından edirlər. Bu binadan əvvəl iki dəfə qaçqınlara evlər tikilib. Hər dəfə də “növbəti dəfə ev tikiləndə” vədini verirlər”.

Ağdamdan olan məcburi köçkün:

“Bizim məskunlaşdığımız bina dövlət əhəmiyyətli binadır. Şəhərin kinoklubu, qəsəbənin mədəniyyət mərkəzi olub. İndi bina yararsız hala düşüb. Nə hamamı var, nə ayaqyolusu. Binanın zirzəmisi su ilə doludur. Burada elə bir ailə yoxdur ki, revmatizmadan, böyrək xəstəliyindən şikayətçi olmasın. O binada heç kim yaşamaz. Bir qonşunun danışdığı söz, o biri qonşunun evinin içindədir. Evlər taxta arakəsmələrdən ibarətdir. Döşəmə betondur. Yuxarıdakı qonşunun kanalizasiya xətti mənim qonaq otağımdan keçir. Onların biri gəlib burada yaşayarmı? Əlbəttə ki, yox.”

Məcburi köçkün:

“Evimiz pis vəziyyətdədir. 5 nəfər ailə bir otaqda qalır. Bizi gəlib köçürtmürlər. Həmişə eyni şeyi deyirlər. Bu dəfə də qaçqınlar üçün ev tikdilər. Yenə də bizi evlə təmin etmirlər. Qabaqdan qış gəlir. Yenə evlərimiz buz kimi olacaq. Uşaqlar tez-tez xəstələnirlər. Bizim yaşadığımız yer infeksiya mənbəyidir. Buna görə də məktəbdən qalmalı olurlar. Başqa necə olmalıdır, axı? Yataqxanada biri qrip olan kimi hamıya yayılır”.

Başqa bir məcburi köçkün isə onlarla heç kimin maraqlanmamasından gileylənib:

“İki oğlum var, ay bala. Birini evləndirmişəm, biri subaydır. Mən bura gələndə balaca oğlumun 11 yaşı vardı. İndi 26 yaşı var, evləndirmək istəyirəm, deyir ki, yox. Bir otaqda necə yaşayacağıq? Bizə ev bölgüsü aparanlar özləri deyir ki, bu oğlumun otağı, bu qızımın otağı, bu mətbəxim. Amma bizim mətbəximiz də, qonaq, yataq otaqlarımız da bir otaqdır. Hamısı özünə gün ağlayır, amma qaçqınlardan xəbərləri yoxdur. Heç kim bizlə maraqlanmır”




Femida.az
Miri Məcidli

Açar sözlər:

Oxunub: 7344