Sürücünü döyən general oğlu bəraət istəyir


15:01     12 Mart 2018 18_03_12_1520838099.jpg


Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş tutacaq.

Femida.az-ın xəbərinə görə, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu təqib edərək sürücünü döyüb.

Binəqədi rayon məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər – K.Vəliyev və P.Abbasov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib.

Apellyasiya şikayətinə baxış hakim Sahibxan Mirzəyevin sədrliyi ilə günün ikinci yarısında başlayacaq.

Təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Xatırladaq ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Açar sözlər: #general   #məhkəmə   #sürücü   #qətl  

Oxunub: 1939