Monqolustanın xarici işlər naziri Bakıya gəlib


22:06     12 Mart 2018 2018/03/dsc-4501-1520862531_1520862723.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Monqolustan xarici işlər naziri Damdin Tsogtbatarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


XİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq əlaqələrini təqdir edərək Azərbaycan ilə Monqolustan arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə ediblər. Damdin Tsogtbatar SSRİ dönəmində çoxlu sayda azərbaycanlı mütəxəssisin Monqolustanda çalışdığını, ölkənin inkişafına töhfə verdiklərini və monqolustanlı tələbələrin Azərbaycanın ali təhsil müəssisələrində təhsil aldığını qeyd edib. O, ölkəmizə səfərinin Monqolustan tərəfindən Azərbaycanla əlaqələrin inkişafına verilən önəmin təzahürü olduğunu deyib.

Ölkələr arasında münasibətlərin dərinləşdirilməsi məqsədilə nazirlər qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlərin təşkili ilə bağlı fəaliyyətin gücləndirilməsinin və müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda, monqolustanlı nazir E. Məmmədyarovu Monqolustana səfərə dəvət edib. Azərbaycan ilə Monqolustan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğunu bildirən nazirlər iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına yönəlmiş birgə səylərin zəruriliyini xüsusilə qeyd ediblər. Bu zəmində tarixi İpək Yolu əsasında Çinin təşəbbüskarı olduğu "Bir kəmər, bir yol" layihəsi çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

E. Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etdiyini və Azərbaycanın namizədliyinin Monqolustan tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu vurğulayıb. Nazir həmçinin həmkarına bu ilin aprelində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı nazirlər toplantısı haqqında məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən E. Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb. Nazir münaqişənin BMT TŞ-nin müvafiq qətnamələri əsasında həllinin dəstəklənməsinə dair Monqolustanın ədalətli mövqeyini yüksək qiymətləndirib.

Görüş zamanı həmçinin, iki ölkə arasında elm, təhsil, mədəniyyət və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşün sonunda nazirlər “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Monqolustan Xarici İşlər nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Femida.az

Açar sözlər: #XİN   Monqolustan   Səfər  

Oxunub: 775