" Azərbaycanlıların vəzifədə olmamağına səbəb... " - Deputat danışır

" Azərbaycanlıların vəzifədə olmamağına səbəb... " - Deputat danışır

13:56     13 Mart 2018 2018/03/veli--3_1520934829.jpg

Femida.az Dağıstandakı azərbaycanlılarla müsahibələri davam etdirir. Budəfəki müsahibimiz Dağıstan Respublikasının Xalq Məclisinin deputatı Vəliyulla Fətəliyevdir.

Neçə ildir burada yaşayırsınız?

7 nəslimiz Dərbəndlidir. Hamısının qəbri buradadır. Ana babam Böyük Vətən Müharibəsi iştirakçısı, Qırmızı Bayraq mükafatçısı, ata babam isə ticarətlə məşğul olub. Dərbəndin taleyi elə gətirib ki, yüz illərlə bura ticarətə açıq yer olub. Dünyanın hər yerindən burada ticarətlə məşğul olan insanlar gəlib. Buranın azərbaycanlılarının indi də çörəyi ticarətdən çıxır.



Digər etnik xalqların azərbaycanlılara münasibəti necədir?

Azərbaycanlılarla etniklərin münasibəti haqda deyə bilərəm ki, biz elə millətik ki, harda olsaq, tolerantlıq nümunəsiyik. Hamı ilə yola gedirik. Heç kimlə prinsipimiz, davamız yoxdur. Bura dədə-baba torpağımızdır. Ev yiyəsi kiminlə dava edəcək ki? Hamı öz güzəranı ilə məşğuldur. Əgər bizimlə də kiminsə problemi varsa, bu, biz tərəfdən törəyən səbəb ola bilməz. Azərbaycanın özündə də hər cür millət var. Ancaq tolerantlıq. Burada da məişət, ünsiyyət məsələsində problem görmürəm. Qız ərə veririk, oğul evləndiririk. Bu məsələdə də fərq qoymuruq.

Dağıstanda azərbaycanlıların vəzifədə olmamağına səbəb kimi nəyi görürsünüz?

Azərbaycanlılar vəzifədə olmamağının səbəbini özlərində axtarmalıdırlar. Passivdirlər. Gündəlik çörəklə kifayətlənirlər. Bu gün qazandım, bu gün də yeyim. Sabah üçün investisya qoymaq istəmirlər. Azərbaycanlılar üçün hər sahədə kvota var. Şəhər rəhbərliyinə azərbaycanlı gətirilmir. İdarə və müəssisələrə azərbaycanlıların əsas vəzifə tutmağı mümkün olmur.



Soydaşlarımızın daha çox hansı probelmləri var?

Azərbaycanlıların kommunal problemləri var. Azərbaycanlıların əsas məskunlaşdığı yer Maqal deyilən ərazidir. Yolların vəziyyəti yaxşı deyil, su sistemi pis vəziyyətdədir. Əhalinin su tələbatını ödəyə bilmirlər. Qaladan mərkəzə qədər 9 Maqal var. Hamısı da azərbaycanlıların yaşadığı yerlərdir. Mərkəzə qədər davam edən ərazidə hər cür kommunal problem var.

Dağıstanda ana dilinin işləkliyi nə yerdədir?

Azərbaycan dili problemimiz var. Gündəlik həyatda Azərbaycan dilində danışmağa çalışsaq da, gördüyünüz kimi dili o qədər də yaxşı bilmirik. Dilin məişətimizdən çıxmamağına çalışmalıyıq. Kitab yoxdur. Gələn kitabları SOCAR gətirmişdi. Onlar da şərtlərə cavab vermədi.

Dağıstan çoxmillətli respublika olmaqla yanaşı, çoxinanclı respublikadır. Soydaşlarımızın dini inancı hansı vəziyyətdədir?

Nikahlar qarışıqdır. Mən, dindaram. Dindar insan üçün də milli fərq yoxdur. Bizdə müsəlman olub, dindar olmayan gənc azdır. Çoxu mənim kimi düşünür. Başqa dinlərlə problemimiz yoxdur.

Bəs, sünni-şiə qarşıdurması problem olaraq qalır, yoxsa...?

Əvvəllər sünni-şiələr arasında problemlər var idi. Bu da hüquq-mühafizə orqanları tərəfindən həll olundu. Onlara sünni də demək olmaz. Onların islama aidiyyatı yoxdur. Qəfil məscidə girib aranı qatmışdılar. Onların şəhərdə demək olar ki, kökü kəsildi. Onların içində azərbaycanlı yoxdur. Şiə məscidlərində fəaliyyət göstərən imamlar İranda təhsil alanlardır. Onlar özişlərini görürlər. Milli və siyasi məsələlərə qarışmırlar.Burada elə imkan da yoxdur. Onların İranda təhsil almağı farslaşmaq, iranmeyillilik demək deyil. Din harada güclüdürsə, təhsili də orada alırlar.

Azərbaycanlıların sosial-iqtisadi vəziyyəti necədir?

Biznes proektlər çoxdur. Pul yoxdur. “Pole chudes” ə baxıram. " Azərçay " nə qədər pul xərcləyib, sponsorluq edir. O sponsorluğu Dərbəndə də etmək olar. Heç olmasa, buradakı azərbaycanlılar işlə təmin olunardı. İllərdir ki, bu məsələ gündəmdədir. Hələ ki, iş yerləri yoxdur.

Bir neçə il öncə Azərbaycan hökuməti Dərbənd Dövlət Teatrının təmirinə 5 milyon manat pul ayırsa da, ancaq bina qəza vəziyyətində qalır. Bu məsələyə münasibətinizi bilmək istərdik?

Teatrın vəziyyəti haqda danışmağa dəyməz. Təmirə dayanıb. Hərə bir söz deyir. Azərbaycanın pul ayırıb-ayırmadığını araşdırmaq lazımdır. Əgər həqiqtənən də 5 milyon ayrılıbsa, hara gedib?



Dağıstan Respublikasının rəhbəri vəzifəsinin müvəqqəti səlahiyyətlərini Vladimir Vasilyev icra edir. Gözləntiləriniz var?

Vladimir Vasilyevdən çox şey gözləyirəm. Məsələn, mən, ilin deputatı seçilmişəm. Onunla görüşdüm təqdimatda. Az-çox danışdıq. Demək ki, fərqlər azalır. Dərbənddə iş yerləri açsa, təhsilimizə də, gələcəyimizə də qarant verəcək.

Azərbaycandan Dərbəndi görməyə gələn var?

Azərbaycandan bura işləməyə gələn də çoxdur. Quba, Qusar, Xaçmazdan gəlirlər. Dostluq münasibətlərimiz var. Onlar özlərini Dərbəndə daha yaxın hiss edirlər.

Günay Arda
Bakı-Dərbənd-Bakı

Femida.az

Açar sözlər: #Dağıstan   #Dərbənd   #Deputat   #Azərbaycanlı   #Quba   #Qusar   #Xaçmaz  

Oxunub: 2780