Məleykə Abbaszadə: Bəs siz kim olmaq istəyirsiniz?


16:08     14 Mart 2018 meleyke%20esedov.jpg

"Abituriyent” jurnalının 1-ci nəşr olunacaq nömrəsində DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin "Ön söz”ünü təqdim edirik:


"2018-ci il tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüzilliyinin qeyd olunacağı il kimi əlamət­dardır. Ali təshil sisteminin və universitetlərin yaradılması istiqamətində Azərbaycanda ilk addımlar da məhz müstəqil­liyimizin ilk illərində atılıb. XXI əsrdə demokratiya və vətəndaş cəmiyyətinin inkişafı milli təhsil sistemi ilə sıx əlaqədardır. Təhsil hər zaman demokratik proseslərin nüvəsini təşkil edib, çünki yüksək təhsilli insan özünün həm vətəndaşlıq vəzifələrinə, həm də hüquqlarına məsuliyyətlə yanaşır.

Hazırkı dövrdə hər bir dövlətin taleyini təbii resurslar və ərazisi deyil, onun insan inkişafı indeksi müəyyən edir. İstənilən ölkədə açıq və demokratik cəmiyyətə, güclü dövlətə nail olmaq üçün, həmin ölkənin vətəndaşları müasir zamanda dünyada baş verən siyasi, iqtisadi, elmi və texniki prosesləri dərk etməlidirlər.

Bəs bəşəriyyətin gələcəyi necə olacaq, bu gün öz həyat yolunu (öz ixtisasını) seçən siz gəncləri 10-20 il sonra nə gözləyir?

Hələ keçən əsrin 60-cı illərində qərb ölkələrinin elmi dairələrində məşhurlaşmış yeniliklərin yayılması nəzəriyyəsi yeni ideyaların və texnologiyaların müxtəlif cəmiyyətlərdə yayılmasının səbəblərini, xüsusiyyətlərini və sürətini izah etməyə çalışırdı. Bu nəzəriyyənin əsası qoyularkən innovasiya, kommunikasiya kanalları, zaman, sosial sistem onun əsas elementləri kimi müəyyən olundu. Aparılan araşdırmalar göstərdi ki, insan cəmiyyəti a) yenilikçilərə - yeni ideya və məhsul yaratmağa qadir insanlara (onlar əhalinin 2.5%-ni təşkil edir); b) yenilikləri sürətlə mənimsəyən və tətbiq edənlərə (bu insanlar 13.5% təşkil edir); c) yenilikləri kommunikasiya kanalları və sosial sistemlər vasitəsilə mənim­səyən "erkən kütlə”yə (34%); d) yenilikləri daha gec mənimsəyən "gecikmiş kütlə”yə (34%); e) geri qalanlara – yenilikləri qəbul etmək istəməyənlərə (16%) ayrılır. Əgər sizin üçün alacağınız ixtisasın əhəmiyyəti yoxdursa və ali məktəbə yalnız diplom almaq xatirinə daxil olmaq istəyirsinizsə, siz gələcəkdə ən yaxşı halda "gecikmiş kütlə”yə aid olacaqsınız. Sizin həyatınızda şüurlu seçilmiş ciddi hədəfiniz olmalıdır. Sizin valideynləri razı salmaq, həmyaşıdlardan dala qalma­maqdan daha mənalı stimulunuz olmalıdır. Gecikənlərin sırasına düşməmək üçün siz gələcəkdə nə işlə məşğul olmaq istədyinizi dərk etməlisiniz. Həyatınızın bu mərhələsində sizə universitetlərin çoxsaylı tədris proqramları arasından azad seçim etmək imkanı təmin olunub.

Bəs siz kim olmaq istəyirsiniz? Hansı növ fəaliyyət sizin gələcəkdə xoşbəxt insan olmağınıza səbəb ola bilər?

Söhbət sevimli işlə məşğul olduğunuza görə xoşbəxt olmaqdan gedir. Nə qədər ki, siz özünüz bu suala cavab verməmisiniz, nə qədər ki, sizin həyatınızda əsl hədəfiniz yoxdur, sizin (və ya valideynlərinizin sizin əvəzinizə etdiyi) ixtisas seçiminiz yanlış olacaq. Həyatda özünüzə əsl hədəflər qoymağı bacarın, bu haqda indi düşünün, özünüzü anlamağa çalışın. Bu haqda valideynlərinizlə və müəllimlərinizlə, böyüklərlə, hörmət etdiyiniz insanlarla, öz dostlarınızla danışın, ixtisaslar haqqında məqalələr və kitablar oxuyun. Öz bacarıqlarınızı, qabiliyyətlərinizi, biliklərinizi və istedadınızı düzgün qiymətləndirin. Arximed, "Mənə dayaq nöqtəsi verin, dünyanı yerindən oynadım” deyirdi. Sizin üçün nəyin həyatda dayaq nöqtəsi ola biləcəyini düşünün. Siz özünüz bu suallara cavab tapmalısınız.

XX əsrin böyük psixoloqu və pedaqoqu Lev Vıqotski deyirdi: "Ancaq insanın öz davranışlarını idarə etdiyi bariz şəkildə görünəndə biz onun şəxsiyyət kimi formalaşdığını deyə bilərik”. Onun fikrincə öz davranışlarını idarə etmənin açarı eyni dərəcədə cəlbedici görünən alternativlər arasından seçim edə bilmək qabiliyyətidir.

Öz həyat hədəfinizi dərk edərək şəxsiyyət olun. Arzu etdiyiniz hədəfə aparan yolu siz müstəqil şəkildə seçməlisiniz. Cəsarətli olun! Sizə uğurlar!”.

Femida.az

Açar sözlər: #DİM   #Cümhuriyyət   #Təhsil   #Cəmiyyət  

Oxunub: 1177