Ekspert: “Separatçının iki yeri var: ya zindan, ya qara torpaq” - Azərbaycanı separatizm təhlükəsi gözləyirmi?


17:42     14 Mart 2018 18_03_14_1521019942.jpg


Bu gün dünyada qəbul olunan ən böyük təhlükə nüvə silahıdır. Amma bəzən unudulur ki, bundan daha böyük təhlükə də var: SEPARATİZM.

Sepratizm nədir? İstənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir. Separatizmi formalaşdıranlar isə separatçı təşkilatlardır. Separatçı təşkilat dövləti və dövlətçiliyi parçalamağa çalışan bir qrup insan birliyidir. Onların məqsədi öz şəxsi maraqlarını təmin etməkdir.

Ümumiyyətlə, keçmiş postsovet ölkələrinin bir çoxu - Gürcüstan, Moldova, Ukrayna və s. separatizmdən əziyyət çəkir. Təəssüflər ki, Azərbaycan da bu siyahıda var. Hələ sovetlər dönəmində ermənilərin Azərbaycana qarşı başlayan separatçı əməlləri əvvəllər ciddiyə alınmadığından daha sonradan böyük problemə çevrildi. Bu separatizmin başında ermənilərlə yanaşı, onların vasitəsilə öz maraqlarını güdən böyük dövlətlər də dayanır.

Hərbi ekspert Üzeyir Cəfərovun Femida.az-a bildirib ki, separatizmi qidalandıran əsas şey silahdır. Odur ki, silah satan ölkələr üçün bu xeyli gəlirli sahədir. Nəticədə onlar həm də separatçı təşkilatlar vasitəsilə öz məqsədlərini həyata keçirirlər:

“ABŞ sırf Ukrayna məsələsindən sonra separatçılara qarşı sanksiyalar tətbiq etməyə başladı. Amma bunu çoxdan etmək lazım idi. Yaxud belə deyim, hamilələyin qarşısını ilk həftələrdə daha asan almaq olur. Amma iş-işdən keçəndən sonra cərrahiyyə əməliyyatı lazım olur.

Baxın, Suriyada bir çox separatçı təşkilatlar var. Onları silahlandırdılar, separatçıları qızışdırdılar, indi oradakı hadisələrdən öz maraqları üçün istifadə edənlər çoxdur. Amma qonşu Türkiyə bundan böyük əziyyət çəkir.

Çox maraqlıdır ki, separatizmi daha çox müsəlman ölkələrinə yaymağa çalışırlar. Hansısa müsəlman ölkəsində azacıq qıcıqlanma varsa, maddi yolla həmin insanları həvəsləndirib separatçıya çevirirlər.
Artıq bu separatçılar o qədər həddini aşıb ki, dünən bir erməni sosial şəbəkədə video paylaşıb deyir ki, biz Qarabağı işğal etmişik, əcəb etmişik. Yaxud separatizmin banilərindən olan Qorbaçova Rusiyada yubiley keçirilir. Separatçının iki yeri var: ya zindan, ya qara torpaq”.



Ekspert Azərbaycanın şimal bölgəsindəki separatizm təhlükəsi ilə bağlı da danışıb. Onun fikrincə, Dağıstanla sərhəddə separatizm üçün əvvəlki münbit şərait yoxdur:

“Şimal bölgəsində təhlükə yoxdur desəm, düzgün olmaz, amma qorxulu həddə deyil. DTX burada lazımi tədbirləri görür. Artıq Rusiya da burada seprataçılara qəti mübarizə aparır. 3-5 nəfər baş qaldırırsa, bölgəyə qoşun yeridir. Çünki Rusiya vaxtilə Çeçenistanda baş verənlərdən dərs alıb.

Ümumiyyətlə separatçıya başa salmaq lazımdır ki, bura mənim ölkəmdir, qanun budur. Belə yaşamaq istəmirsənsə, hara istəyirsən get, Alyaskada yaşa, Tundrada yaşa, harada istəyirsən yaşa.

Separatizmi həyata keçirmək istəyən adamların ən böyük istifadə etdiyi amil din amilidir. Dinin sünni, şiə qollarıdır. Necə Azərbaycan əsgəri səngərdə separatizmə qarşı dayanıb. Biz də çalışmalıyıq ki, jurnalist jurnalist kimi, hərbçi hərbçi kimi və s. dövlətçiliyimizi qoruyaq".

Yeri gəlmişkən, Üzeyir Cəfərovdan Qarabağ separatçılarının başçısı Bako Saakyanın ABŞ-a səfəri barədə soruşduq:

“Azərbaycan Qarabağ məsələsində haqlıdır. Əksər xarici dövlətlər də Azərbaycana bu mövzuda “can-can” deyirlər, amma arxadan bıçaqları əllərindədir. ABŞ senatında separatizmin ən qatı nümayəndələrindən olan Bako Saakyanın qəbul olunması ehtimalı var. Əgər orada ona dəstək verilsə, Qarabağ münaqişəsinin həlli daha bir müddət uzana bilər. Çünki separatçını BMT-nin 5 daimi üzvündən 2-i dəstəkləyirsə, bu, artıq ciddi problemdir.

Milli Məclisin deputatı, Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aqil Abbas isə separatçı təşkilatları birbaşa xəyanətkar adlandırır:

“Separatçı təşkilat məskunlaşdığı ölkənin qayda-qanunlarına riayət etməyib, başqa ölkələrdən yardım alaraq, müəyyən qruplaşmalar yaradaraq, həmin dövlətin əleyhinə çıxan birliklərdir. Buna qısaca xəyanət etmək demək olar.

Bu gün dünyanın bir çox ölkəsində separatçı təşkilatlar var. Məsələn, Türkiyədə PKK, İraqda YPG, İranda, İspaniyada, İrlandiyada separatçı təşkilatlar var. Lakin separatizm deyəndə bizim ağlımıza təkcə silahla vuruşan dəstələr yox, birbaşa Qarabağ gəlməlidir. Bu gün Azərbaycan üçün əsas düşmən separatçı təşkilat Qarabağda məskunlaşan separatçılardır. Düzdür, zaman-zaman şimal bölgəsində, cənubda müəyyən qığılcımlar oldu. Lakin bu gün həmin bölgələrdə qətiyyən təhlükə yoxdur. Artq bu bölgədə millət qaynayıb-qarışıb. Həm də vaxtilə Heydər Əliyev bu məsələyə elə bir nöqtə qoydu ki, kökündən həll olundu. Düzdür, xarici ölkələr həmişə çalışırlar ki, Azərbaycanda milli qarşıdurma yaratsın. Artıq mümkünsüzdür”.



Deputat separatizmin formalaşmasında milli-mədəni və din faktorunun əsaslı rol oynadığını bildirib:

“Separatçılar fəaliyyətinə əvvəllər milli mədəniyyət, mədəni muxtariyyət kimi iddialarla başlayır, daha sonra bunu siyasi məsələyə çevirirlər. Dini faktorlardan çox istifadə olunur. Artıq dünyada inanc olaraq din qalmayıb, din siyasətə qulluq edir. 50 cür təriqət var. Buna görə separatçı təşkilatlar din amilindən çox rahat şəkildə istifadə edə bilirlər”.

Separatçılıqla mübarizə qanunvericilikdə

Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununda separatçılıqla bağlı maddələr var. Qanunun 7-ci maddəsində Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər arasında separatçılıq siyasi sahədəki əsas təhdidlər arasında göstərilir. 16-cı maddədə isə siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması məqsədilə separatçılığın, siyasi, etnik, dini ekstremizmin qarşısının alınması üçün millətlər və dini təriqətlər arasında münasibətlərin tənzimlənməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında milli təhlükəsizliyə təhdidlər arasında separatçılıq da yer alıb:

Maddə 3: Separatçılıq, etnik, siyasi və dini ekstremizm özünün istənilən formasında dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilər.

Maddə 4: Separatçılığın, etnik, siyasi və dini ekstremizmdən qaynaqlanan risklərin zərərsizləşdirilməsində digər dövlətlərlə, xüsusən Azərbaycan Respublikası ilə qonşuluq təmaslarına malik ölkələrlə harmonik münasibətlərin qurulması mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası region ölkələri ilə yanaşı, digər ölkələrlə də əməkdaşlıqda maraqlıdır. İlk növbədə Azərbaycan Respublikası strateji tərəfdaşı olan ABŞ ilə BMT və Avratlantik strukturlar çərçivəsində, antiterror koalisiyasında, beynəlxalq terrorizm, separatçılıq, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, qanunsuz silah və insan alveri kimi qlobal çağırış və təhdidlərə qarşı mübarizə məsələlərində, ikitərəfli münasibətlər səviyyəsində isə siyasi, hərbi, iqtisadi, enerji təhlükəsizliyi sahələrində, ölkəmizdə demokratik islahatların aparılması istiqamətində əməkdaşlıq edir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #separat   #separatizm   #separatçı   #təşkilat   #siyasət   #Qafqaz   #Rusiya   #Azərbaycan   #Ermənistan   #talış   #ləzgi   #xalq   #Femida.#az   #qanun   #təhlükəsizlik   #hərbi   #təhlükə  

Oxunub: 3710