Beynəlxalq Banka yeni rəhbər təyin olundu

Beynəlxalq Banka yeni rəhbər təyin olundu

21:52     14 Mart 2018 18_03_14_1521035646.jpg


Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

Femida.az xəbər verir ki, iclasa sədrlik edən maliyyə naziri Samir Şərifov bildirib ki, ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq bankın sağlamlaşdırılması və restrukturizasiyası proqramı praktik olaraq başa çatıb.

Nazir bildirib ki, bankın 2017-ci il üzrə maliyyə nəticələri müsbətdir: "Şübhəsiz ki, bu müsbət nəticələrə dövlətin zəruri dəstəyi olmadan nail olmaq mümkün deyildi. ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilmiş, bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürmüş, bankın əmanətçilərinin, bankda xidmət olunan hüquqi şəxslərin və digər qeyri-rezidentlərin maraqlarını dövlət qorumuşdur. Bunun nəticəsidir ki, bankın kredit reytinqləri yüksəlməyə başlamışdır”.

Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olubub.

Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.

Açar sözlər: #bank   #beynəlxalq   #sədr   #maliyyə  

Oxunub: 1190