Artımlar bu tarixdə hesablara köçəcək - XOŞ XƏBƏR


14:48     16 Mart 2018 manat65.jpg

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkhaqqı artırılan professor və dosentlərin vəzifə maaşlarına olan artımlar mart ayının maaşı ilə birlikdə ödəniləcək.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə AMEA-dan məlumat verilib.

Akademiyadan bildirilib ki, AMEA-da çalışan və elmi adı olan 1400 alimin - 1060 dosent, 340 professorun əməkhaqqına artım əlavə edilib. Bu artım dosent və professorların vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verib. Artım yanvarın 1-dən hesablanacaq. Alimlər mart ayının maaşını alarkən yanvar və fevral ayları üçün nəzərdə tutulan artımları da əldə edə biləcəklər.

Dosent və professorların vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdirilir. Elmi ada görə əlavələr müəyyənləşdirilərkən işçinin elmi stajı nəzərə alınıb.

Bu qərara əsasən, dosent elmi adına görə əməkhaqqına iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, 10 ildən 15 ilə qədər olduqda 50 manat, 15 ildən 20 ilə qədər olduqda 75 manat, 20 ildən artıq olduqda 100 manat əlavə ediləcək. Professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, 10 ildən 15 ilə qədər olduqda 60 manat, 15 ildən 20 ilə qədər olduqda 90 manat, 20 ildən artıq olduqda 120 manat əlavə ediləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək.

Qeyd edək ki, indiyədək yalnız ali məktəblərdə çalışan dosent və professorların əməkhaqlarına elmi ada görə əlavələr edilirdi. "Elm haqqında" qanunun tətbiqi ilə əlaqədar isə bu ildən həmin əlavələr AMEA sistemindəki elmi müəssisələrdə çalışan alimlərə də şamil edilib.

Femida.az

Açar sözlər: #AMEA   #Maaş   #Hesab   #professor   #dosent  

Oxunub: 3940