“Ermənistanın İrana təklif etməyə heç nəyi yoxdur” - Məlikyan


20:28     18 Mart 2018 18_03_18_1521372984.jpg

Bu həftə Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirləri Bakıda Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə ediblər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, bu nəqliyyat dəhlizi Hind və Atlantik okeanlarını birləşdirməyə imkan verəcək. Azərbaycanlı nazirin sözləri Ermənistanda əsəbi reaksiya doğurub. Buradakılar hiss ediblər ki, ölkə növbəti irimiqyaslı layihədən kənarda qalıb.

Lakin göründüyü kimi, erməni tərəfinin bu reallıqla barışmaqdan başqa çarəsi yoxdur. Virtualaz.org xəbər verir ki, erməni politoloq Conni Məlikyan yerli mətbuata müsahibəsində bu dördtərəfli formatın bir yenilik olduğunu və sənədin hələlik bəyannamə xarakteri daşıdığını qeyd edib.

Buna baxmayaraq, onun sözlərinə görə, son zamanlar regionda infrastruktur layihələri fəal şəkildə həyata keçirilir. İran isə hazırda getdikcə daha çox Azərbaycan yoluna tərəf meyllənir.

Conni Məlikyan vurğulayır ki, erməni diplomatiyası əks addımlar atmalıdır: “Əgər məhz Cənub-Şimal dəmiryolu xətti açılması cəhdi edilirsə, biz Şimal-Cənub avtomagistral layihəsini gerçəkləşdirə bilərik, alternativ avtomobil yolu aça bilərik. Lakin mən bu layihəni sürətlə həyata keçirə biləcəyimiz və İran tərəfinə nəsə təklif edəcəyimizlə bağlı fikrə bədbin yanaşıram”, - erməni siyasətçi deyib.

Açar sözlər: #Ermənistan   #İran   #politoloq  

Oxunub: 735