24 il sonra Cocuq Mərcanlıda Novruz sevinci - FOTOLAR


01:16     22 Mart 2018 18_03_21_1521652995.jpg


Cəbrayıl rayonunun düşməndən azad olunan Cocuq Mərcanlı kəndinin sakinləri baharın gəlişini 24 ildən sonra doğma yurdlarında qarşılayıblar.

Kənd tam orta məktəbin qarşısında keçirilən Novruz şənliyində tonqal qalanıb, səmənilər, xonçalar düzülüb. Qız-gəlinlər müxtəlif şirniyyatlar, sac üstündə yuxa bişirib, uşaqlar yumurta döyüşdürüb, şənləniblər. Kosa və Keçəlin zarafatları, şən musiqi nömrələri hamıda xoş ovqat yaradıb.



Kənd sakinləri torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri də unutmayıblar. N saylı hərbi hissəyə gedərək, hərbçilərin bayramını təbrik edib, onlara bayram sovqatı çatdırıblar.



Cocuq Mərcanlı sakini Zamin Həziyev:

“Bizim üçün ən sevincli gündür. 24 il idi Novruz bayramını doğma yurdumuzdandan kənarda qeyd edirdik. Bu illər ərzində ən böyük diləyimiz əziz bayramı kəndimizdə keçirmək olub. İndi bu istəyimizə çatmışıq. Bu ilaxır çərşənbədə ən böyük diləyimiz isə bütün köçkünlərin yurd-yuvalarına dönməsi və Novruz tonqallarının işğaldan azad edilmiş digər torpaqlarımızda da qalamasıdır”.



Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, avtomobil yolu çəkilib. Növbəti mərhələdə isə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb.(AzərTAc)



Femida.az

Açar sözlər: #Cocuq   #Mərcanlı   #Novruz   #bayram  

Oxunub: 1808