Ziya Məmmədovun qohumuna 100 min “atdılar” - Məhkəmə olacaq


14:51     26 Mart 2018 trend_ziya_mamadov_11042015.jpg

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumuna qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sənan Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə başlayır.


Femida.az-ın xəbərinə görə, işə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxış iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, Sənan Cəfərov 30 nömrəli marşrut xəttinə nəzarət edib. O, marşrut xəttinə nəzarət edən "M-Trans" MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib. Rövşən Məmmədov Ziya Məmmədovun yaxın qohumudur.

R.Məmmədov Sənan Cəfərovun gələn gəlirləri mənimsədiyindən şübhələnərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Hətta 30 nömrəli marşrut xəttində çalışan 57 sürücü əmək haqqının verilməməsiylə bağlı aksiya keçirmişdi.

Sənan Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Mənimsənilən məbləğin 100 min manatdan çox olduğu bildirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər: #Məhkəmə   #apellyasiya   #şikayət  

Oxunub: 947