Jurnalistlər üçün yeni MÜSABİQƏ


17:35     29 Mart 2018 jurnalist%20qabiliyyet.jpg

Müdafiə Nazirliyi və Mətbuat Şurası Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü münasibətilə kütləvi informasiya vasitələri nümayəndələri arasında “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsi elan edib.


Mətbuat Şurasından Femida.az-a verilən məlumata görə, müsabiqə Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qismlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübələrin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə ordu arasında əlaqələrin genişləndirilərək daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə elan olunub.

Yazı müsabiqəsi Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunur.

Müsabiqəyə 2018-ci il mart ayının 30-dan iyun ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc edilən yazılar buraxılacaq.


Müsabiqəyə təqdim edilən yazılarda janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar Azərbaycan, ingilis və rus dillərində olmalı, 9-11 min işarə həcmindən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Yazıda “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir” qeydi olmalıdır.

Yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqə üçün yazılar 2018-ci il iyunun 10-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Həmçinin müsabiqə üçün yazılar müvafiq şərtlər yerinə yetirilməklə [email protected] elektron poçt ünvanına da göndərilə bilər.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.


Yazı müsabiqəsinin mükafat fondu aşağıdakı qaydada nəzərdə tutulub:

- I yer - 1 nəfər - 1500 manat;
- II yer - 2 nəfər - 1000 manat;
- III yer - 3 nəfər - 700 manat;

- Həvəsləndirici mükafatlar - 5 nəfər - 200 manat;

Müsabiqə qaliblərinin adları 2018-ci il iyun 25-dək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birgə təşkil ediləcək tədbirində açıqlanacaq.

Femida.az

Açar sözlər: Jurnalist   Müsabiqə  

Oxunub: 673