7 minə yaxın əhaliyə yeni yol salınır


22:04     02 Aprel 2018 2018/04/yol-3-(1)_1522676784.jpg

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yevlax rayonunda Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən yeni avtomobil yolu inşa edilir.


Agentlikdən Femida.az-a verilən məlumata görə, 9,7 km uzunluğa malik Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun ensiz olması yol yatağının genişləndirilməsinə zərurət yaradıb. Bu məqsədlə əraziyə xüsusi qrunt gətirilərək yol genişləndirilir. Bu işlər yolun 10 min kvadratmetrdən çox hissəsində aparılır. Bundan başqa 5 min kub.m-dən çox həcmdə yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri görülür.

Yol yatağı hazır olan hissələrdə qum-çınqıl qarışığından ibarət əsasın alt layının tikintisi işləri də aparılır. Bunun ardınca isə optimal-qırmadaş qarışığından istifadə edilərək lazımi qalınlıqda əsasın üst layının inşası nəzərdə tutulub. Ümumilikdə sözügedən torpaq işləri 100 min kvadratmetrdən çox ərazini əhatə edəcək. Həmçinin 40 kvadratmetrə yaxın sahədə çiyin hissələr lazımi materialla bərkidilir.

Torpaq işlərinə paralel olaraq layihə çərçivəsində yeni suötürücü boruların inşası işləri də həyata keçirilir. Belə ki, borular istismara yararsız olduğundan yenisi ilə əvəz olunmasına ehtiyac var idi. Bu məqsədlə 144 paqon-metr uzunluğunda 12 ədəd metal borunun və müxtəlif diametrli 36 paqon-metr uzunluğunda 3 ədəd dəmir-beton borunun quraşdırılması, boru başlıqlarının dəmir-betonla inşası aparılır.

Torpaq işləri bitəndən sonra texnoloji ardıcıllığa uyğun olaraq iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 sm qalınlıqda asfaltlanacaq. Tikinti işlərinin sonuncu mərhələsində 5 nöqtədə avtobus dayanacağı, 34 ədəd yol nişanı və göstəricinin, 460 ədəd isə siqnal dirəyi quraşdırılacaq, 29 km uzunluğunda yolun xətlənməsi işləri görüləcək.

Sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq, 7 yaşayış məntəqəsinin 7 minə yaxın əhalisinin respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 36-cı km-nə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşacaq.

Femida.az

Açar sözlər: Yol   Təmir   Yevlax  

Oxunub: 671