“40 il işlədim, bir dəfə də işə gecikmədim ”– Müsahibə


17:12     21 Sentyabr 2015 sevil-meherremova-kaspi%20(3).JPG


Sevil Məhərrəmova: “Neft sektoru nə qədər çətin sahə olsa da, işləməkdən heç vaxt bezmədim”
Femida.az Kaspi.az-a istinadən neftçi qadın Sevil Məhərrəmova ilə hazırlanan müsahibəni təqdim edir:


Ölkəmizin neft sənayesi sahəsində bağlanılan ən uğurlu sazişlərdən biri “Əsrin müqaviləsi”dir. Müqavilənin bağlandığı gün hər il ölkəmizdə neftçilərin bayramı olaraq qeyd edilir. Biz də bayram ərəfəsində ömrünün 40 ilini neft sahəsinə həsr edən Sevil Məhərrəmova ilə söhbətləşmək, o illərin iş həyatını xatırlamaq qərarına gəldik. Onu da qeyd edək ki, S.Məhərrəmova, eyni zamanda SSRİ Ali Sovetində 10 il deputat olub.

Hazırda 82 yaşı olan bu xanım ömrünün ahıl çağlarını evində keçirir. Sevil xanımla ilk telefon danışığımızdaca necə müsbət auralı bir insan olduğunu hiss etdim. O, qonaq qarşılamağı sevdiyini deyib, bizi evinə dəvət etdi. Danışdığımız vaxt Sevil xanımın evinə getdik. 10-15 yaş hazırkı yaşından gənc görünən müsahibim gözlədiyimdən də xoş bir aura ilə bizi qarşıladı. O ilk olaraq işə başladığı illərdən danışdı. Bildirdi ki, ali təhsilini geoloq ixtisası üzrə bitirib. Onu elə həmin il neft mədənində işləməyə göndəriblər.

Qaydaya görə, ilk olaraq tələbələr fəhlə kimi işə başlayır, bir ildən sonra isə ali təhsilli kimi işə götürülürdü. Amma müsahibim ali təhsilli kimi işə düzəlməyə tələsənlərdən olmayıb: “Mən də fəhlə kimi işə başlamışdım. Bir il çalışdıqdan sonra ali təhsilli kimi iş verirdilər. Amma bir ilim tamam olandan sonra mən yenə fəhlə kimi işləmək istədiyimi direktora bildirdim. Dedim ki, mən istehsalatda çox şey öyrənirəm. Ona görə bir il də fəhlə kimi çalışmağıma şərait yaradılsın. Hamı üstümə gəlirdi ki, sən nə istəyirsən? Fəhlə kimi çalışmaq əziyyətli idi, amma mən orda çox şey öyrənirdim. Ona gör əlavə bir il də fəhlə olaraq çalışdım. Bu seçimimlə rəhbərliyin etimadını qazanmışdım”.

Nümunəvi işçi...

S.Məhərrəmova deyir ki, işində çox məsuliyyətli olub. Evindən iş yerinə qədər iki saatlıq yol olsa da, heç vaxt işə gecikməyib: “Mən evdən tramvayla Sabunçu vağzalına, oradan da elektrik qatarı ilə Mərdəkana getməli idim. Lakin tramvayı gözləsəm, qatara çata bilmirdim. Bu isə mənim işə gecikməyim demək idi. Ona görə Sabunçu vağzalına qədər piyada gedirdim ki, vaxtında qatara çata bilim. 40 il işlədim, bir dəfə də olsun işə gecikmədim. Səhər 8-də işdə olurdum. Ona görə mənim işimdən çox razı idilər. Baş mühasib məni nümunə olaraq göstərirdi”.





40 il çalışdığı sahənin çətin olduğunu deyən S.Məhərrəmova bildirdi ki, ona güc verən işini sevməsi olub. O hesab edir ki, işini sevməyən insan səhərlər yuxudan həvəslə oyanıb gedə bilməz: “Həkim səhərlər xəstələri necə yoxlayırsa, mən də quyuları hər səhər tezdən yoxlayırdım. Ona görə də saat 8-də artıq işdə olmalı idim. Vaxtında gedirdim. Amma onu da deyim ki, işimiz elə də asan deyildi. Mənimlə bir vaxtda işə başlayan oğlanların çoxu davam gətirə bilməyib çıxdılar. Amma mən çirkli olsa da sənətimi sevirdim. İndi müasir texnologiyaların sayəsində bir çox işlər asanlaşıb. Amma o vaxt indiki texnologiyalar olmadığı üçün işçilərin üzərinə ağırlıq çox düşürdü. Mənimlə universiteti bitirib gedənlərin hamısı oğlan idi. Bircə qız mən idim. Qız olmağıma baxmayaraq, hamıdan çox mən davam gətirdim. Oğlanlar qayıdıb elmi tədqiqat institutlarında işlədilər. Neft sektoru nə qədər çətin sahə olsa da, mən işləməkdən heç vaxt bezmədim”.

İşsizlik qorxusu...

55 yaşında artıq pensiyaya çıxan S.Məhərrəmovada işsiz necə dayanacağı ilə bağlı qorxu yaranır. Amma anası xəstə olduğu üçün işdən uzaqlaşmağı normal qarşılayır: “İşsiz necə qalacağımla bağlı çox fikirləşirdim. Amma pensiyaya çıxmağım həm də yerinə düşdü. Çünki anam xəstə idi, ona baxmalıydım. 18 il iflic xəstəsi olan anaya baxmışam. Yazıq anam deyirdi ki, heç bir qız mənim kimi xəstəyə baxmağa bu qədər davam gətirməzdi. Anam məni atasız əziyyətlə böyütmüşdü. Sonra anam da rəhmətə getdi. Əgər toxumaq, tikmək bacarmasaydım, işsiz evdə dayana bilməzdim”.

S.Məhərrəmova gələcək həyat yoldaşı bir yerdə işləyib. Hətta onu daha əvəllər həyat yoldaşı kimi rəfiqələrinə də “məsləhət görübmüş”. İş yoldaşları da “xoşun gəlir, özün evlən onunla” deyiblər: “İşdə evlənməklə bağlı mənə kimisə məsləhət görəndə hərəsinə bir eyib tuturdum. Birinə demişdim ki, onuna üzünü təraş olunmuş görməmişəm. Birinin geyiminin ütüsüz olduğunu irad tuturdum. Yoldaşım da bizimlə iş yoldaşı olduğu üçün başqalarına tutduğum iradları eşdərək öz üzərində düzəldirmiş. Həmişə yoldaşımı işdəki qızlara göstərirdim ki, yaxşı səliqəli oğlandı, əldən verməyin. Bir dəfə qızlar dedilər ki, yaxşı oğlandır özün get. Mən də dedim sizin acığınıza onunla evlənəcəm və biz ailə qurduq”.

Lakin Sevil xanımın həyat yoldaşı gənc yaşlarında qəzada həyatını itirir. Və o, 3 yaşlı övladını tək böyütməli olur: “Yoldaşım 38 yaşında qəzada həlak oldu. Həmin vaxt mənim 32 yaşım var idi. Bir oğlumu özüm böyütdüm. Nə qədər desələr də, sonra evlənmədim. Mənə ailə qurmağı çox məsləhət gördülər. Amma heç vaxt razılaşmadım. Biri var məni ərə versinlər, biri də var sevib evlənmək. Mən sevib evlənmişdim deyə, ikinci dəfə ailə qurmaq istəmədim. Oğlumu böyütdüm, ali təhsil verdim. Hazırda Maqsud Mamedov Rus Dram Teatrının aktyorudur”.

“Dəbi Bakıya mən salırdım”

Çətin, çirkli iş rejimində çalışsa da, geyiminə, səliqə-səhmana fikir verən S.Məhərrəmova deyir ki, dəb məsələləri hər zaman onun diqqətində olub: “İşdə adımı “stilyaqa” qoymuşdular. Çünki həmişə dəblə geyinirdim. Dəbi Bakıya mən salırdım. Çünki 18 xarici ölkədə olmuşam. Orada mən bəyəndiyim paltarları almaq çox baha idi. Ona görə də xaricdə bəyəndiyim paltarın modelinə, tikiliş qaydasına baxıb, Bakıda özüm tikirdim. İndi də bəzən deyirlər ki, təzə nə çıxsa, alıb geyinirsən, pulun hardandı? Deyirəm heç nə almıram, köhnələrimi təzə dəbdə düzəldib geyinirəm. Amma hamı elə bilir ki, təzə alıram. Bu yaşa gəlmişəm, bir dəfə də olsun salona getməmişəm. Özümə qulluq etməyi özüm bilirəm”.

“Xalqımın deputatı olmuşam”

Millət vəkili seçilməyindən də danışdı. Onun namizədliyini isə neft sahəsində çalışan fəhlələr irəli sürüblər: “Nə olsun ki neftçiyəm? Azərbaycanda o işlə məşğul olan təkcə mən deyildim ki. Amma fəhlələr məni SSRİ Ali Sovetinə deputat seçdilər. Niyə? Çünki mən fəhlələrlə bir yerdə olurdum. Fəhlələrlə bir yerdə çalışdığım, onlara yaxın olduğum üçün seçilməyimi istəyirdilər. O vaxtkı Əzizbəyov, indiki Xəzər rayonu üzrə seçilmişdim. 10 il deputat oldum. Həmin müddətdə özümün deyil, xalqımın deputatı olmuşam. Mandat əlimdədi deyə, istifadə etmirdim, yaxşılıqlar etməyə çalışırdım. Hətta uzaq qohumumgildə gördüyüm bir adam məndən kömək istəyəndə belə ona yardım etməyə çalışırdım. Elədiklərimin hamısında Allah mənə kömək olub. O, haqqın yerini tapması üçün kömək edirdi”.

“O illəri xatırladığım hər gün mənim üçün bir bayramdır”

Neftçilər günü onun bayramıdır. Hər il bu günü gəncliyini, işlədiyi illəri yada salmaqla qeyd edir. Amma artıq təntənəli şəkildə bayramı qeyd edib, dost-tanışları ətrafına yığmır: “Anam sağ olanda hər il 20 sentyabrı təntənə ilə qeyd edirdim. Dostları, tanışları çağırıb evdə qeyd edirdim. O mərasimlər 7 il davam etdi. Anam rəhmətə gedəndən sonra həvəsim qalmadı. Amma 40 il bu sahədə çalışmışam. O illəri xatırladığım hər gün mənim üçün bir bayramdır. Qrup yoldaşlarımızla görüşlərimiz olur. Yığışıb xatirələrimizi bölüşürük. Əvvəllər 5 ildən bir yığışırdıq, son illər ildə bir dəfə etmişdik. Amma ötən il nədənsə görüşə bilmədik. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə də bizimlə bir qrupda oxuyub”.

“Bütün yaş dövrlərimi gözəl hesab edirəm”

“Bu yaşda niyə tək yaşayırsınız” sualımızı müsahibimiz belə cavablandırdı: “Çünki tək yaşamaq istəyirəm. Oğlumun özünün evi var. Tez-tez mənə baş çəkir. Amma ayrı yaşamaq daha yaxşıdır. Bilirsiz, qayınana-gəlin münasibətləri həmişə söhbət mövzusu olur. Əslində nə gəlin pisdir, nə də qayınana. Sadəcə olaraq ayrı-ayrı evlərin tərbiyəsini görmüş adamların bir evdə yaşaması asan deyil. Ona görə də ayrı yaşayanda mehribanlıq daha çox olur. Arada deyirəm ki, adam qocalanda rahatlaşır. Cavan vaxtı hərə adama bir iş tapşırır, nə isə xahiş edir. Qocalanda heç kim nəsə istəmir. Qocalıq ömrün rahat çağıdır. İnsanın istədiyi kimi rahat yaşamağa vaxtı olur”.

Həyatında xoş olmayan bir sıra hadisələr baş versə də, müsahibim özünü xoşbəxt insan hesab edir: “Atamla anam Şamaxıdandırlar. Sonra hər ikisinin ailəsi Bakıya köçüb. Atam da Bakıda anamla tanış olub evlənib. Bakıda anadan olmuşam, uşaqlığım da burda keçib. Mən bütün yaş dövrlərimi gözəl hesab edirəm. Çox xoşbəxt insanam. Allahım məni çox istəyir. Həyatda yaşanmayacaq nəyinsə qaldığını deyə bilmərəm. Mən çox xoşbəxt qadınam”.
Kaspi.az

Açar sözlər:

Oxunub: 5365