Şəhid analarına müraciət edən yaralı zabit, ürəyi sıxılan anaya yardım edən deputat... REPORTAJ


19:28     03 Aprel 2018 2018/04/IMG_2472_1522755619.jpg

02 aprel 2018- ci il. Beynəlxalq Muğam Mərkəzindəyik. Gəlişimizin məqsədi əvvəlkilərdən fərqli olduğu kimi tədbir iştirakçıları da fərqlidir. Məkana daxil olan anda ağ saçlı analar, gözlərində kədər hökm sürən insanlar diqqətimi cəlb edir. Bəli, bu gün aprel döyüşlərinin il dönümünə həsr olunmuş təbirdəyik.



Günün özəlliyinə daha bir özəllik qatan əlamət isə jurnalist Aida Eyvazovanın şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Əlizadə ilə birlikdə yaratdığı "Aprel-2016 şəhid ailələrinə dəstək" ictimai birliyinin təqdim olunması idi...






...Artıq Dövlət Himni səslənir. Hər kəs ayaqdadır. Himnin canlı səsləndirilməsindən hiss olunur ki, zalda tədbir iştirakçıları himnin dəyərini bilən şəxslərdir. Bu arada məndən sağda yüksək səslə, ürəkdən himni oxuyaq xanım səsi eşidirəm.Sağa baxıram. Hər zaman şəhid ailələrinin yanında olan millət vəkili Qənirə Paşayevanı görürəm. O şəhid ailələrinin sırasında onlarla bərabər yüksək səslə himni oxumaqla əslində cəmiyyətə bir mesaj verirdi. Millət vəkili xalqın içərisində olmalıdır mesajını...




... Tədbirin rəsmi hissəsi artıq başlayır. Təşkilatçı Aida Eyvazova aprel şəhidlərinin hər birinin bir qəhrəmanlıq dastanının baş qəhrəmanı olduğunu deyir. Bu səbəbdən də onların hər biri haqqında öz dastanını yaratdığını və şəhid həyatlarını kitaba köçürdüyünü iştirakçılara çatdırır...




...Şəhidlər haqqında fotolent monitorlarda canlandırılır. Zalda səssizlik hökm sürür. Danışan təkcə göz yaşlarıdır. Hər kəs öz şəhidinin fotosu ekranda canlandıqca daha böyük səslə, hönkürtü ilə ağlamağa başlayır. Sözlə ifadə oluna bilməyəcək ağır bir mənzərə idi. Elə bu zaman zalda səs-küy düşür. Döyüşlər zamanı şəhid olan zabit Rəşid Mehdiyevin anası Məxburə ana keçirdiyi həyəcandan huşunu itirir.Bayaq nümunə çəkdiyim millət vəkili Qənirə Paşayeva bu dəfə də səmimiliyi ilə seçilir. Şəhid anasını dizi üstündə uşaq kimi sığallayan millət vəkili ona ilkin tibbi yardım göstərilməsini də özü edir. Oxucular narahat qalmasın deyə qeyd edim ki, şəhid anasının vəziyyəti hazırda yaxşıdır. Xəstəxanada müayinə olunduqdan sonra evlərinə buraxılıb...




.... Tədbir öz axarı ilə davam edir. Çıxış etmək üçün söz aprel qazisi, polkovnik-leytenant Elşən Qarayevə verilir. Zal qəhrəman zabiti ayaq üstdə alqışlamaqla zabitinə, hərbçisinə verdiyi hörməti ifadə edir. Elşən Qarayevin çıxışında bir hissə diqqətimi çəkir. Şəhid analarına müraciətlə “sizin övladlarınız olmağa hazırıq, yetər ki, siz bizi övlad kimi qəbul edin” ifadəsidir. Qəhrəman qazi bununla hər bir Azərbaycan övladının şəhid anasının övladı olduğuna işarə edirdi. Bu gün qazimizin bir ayağı yoxdur. Buna baxmayaraq bu həmin acı xəbəri 86 yaşlı anasına hələ də deməyib. Bu əsl zabit əzmi və iradəsinin bariz nümunəsidir. “Biz ermənilərlə 4 gün yox, cəmi 1 gün döyüşlər aparmışıq. 4 günlük döyüş olsaydı, Ermənistan adlı dövlət xəritədə qalmazdı”, deyir polkovnik-leytenant. Zalda əyləşənlər qəhrəman zabiti alqışlarla yola salır.Bu alqış təkcə Elşən Qarayeva yox, həm də bütün Azərbaycan Ordusunun şəxsi heyətinə yönələn bir alqış idi...



...Söz iki şəhid anası Zəhra Bayramovaya verilir.Ananın hər sözü hikmət, hər ifadəsi bir nəsihətdir.O, vətən üçün iki oğul şəhid verib. Bir oğlu Mehman Bayramov 90-cı illərdə gedən döyüşlərdə, ikinci oğlu isə Vaqif Bayramov aprel döyüşlərində şəhid olub.Gözəl qələm sahibi olan ağ saçlı, nur üzlü ana oğluna yazdığı şeiri uca səslə oxuduqca zalı göz yaşlarına qərq edir...




...Artıq tədbirin xeyli hissəsi geridə qalıb. Çıxış edənlər şəhidlərin qəhrəmanlığından, onların cəmiyyətə verdiyi ruh yüksəkliyindən danışır. Tədbirə xüsusi rəng qatan vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlzamanlının ifaları oldu. “Hay ver mənə, cənab leytenant” mahnısı ifa olunan zaman zalda demək olar ki, göz yaşı axıtmayan şəxs qalmamışdı...



Tədbirin kulminasiya nöqtəsi sonda aprel şəhidlərinin fotolarının əks olunduğu geyimdə səhnəyə dəvət olunan gənclər oldu. Bu əslində düşmənə ciddi bir mesaj idi. Raquflar,Vüqarlar,Əbdülməcidlər,Dilsuzlar,Cavidlər, Mübarizlər, Pəncəlilər və digərləri cismən aramızda olmasalar da, onların davamçıları yetişməkdədir. Çünki həmin övladları dünyaya gətirən qadınlar Azərbaycan Analarıdır!





















Hazırladı: Mircəlal Məcidli
Femida.az


Açar sözlər: #Aprel_Şəhidləri   #Qarabağ   #Azərbaycan   #Tədbir   #Qənirə_Paşayeva  

Oxunub: 6256