İntiharla şantaj olunursuz? - BUNA ƏMƏL EDİN


18:37     05 Aprel 2018 18_04_05_1522924636.jpg


İntiharlar barədə xəbərləri mütəmadi olaraq oxuyur, eşidirik. Şəxsin intihar həddinə çatması isə müxtəlif səbəblərdən ola bilər. Hüquq-mühafizə orqanları adətən belə hallarda araşdırma başladır və lazım gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə (Özünü öldürmə həddinə çatdırma) cinayət işi açır. Əgər ortada günahkar varsa, intihar etmiş şəxsi o vəziyyətə çatdırdığına görə, məsuliyyətə cəlb edilir. Lakin bəzən də iki vətəndaş arasında yaranan problemlər çərçivəsində biri digərini onun dediyini etməsə, özünü öldürəcəyi ilə şantaj edir. Belə hallarda şantaj olunan tərəf nə etməlidir?

Femida.az vətəndaşlara hüquqi yardım layihəsi çərçivəsində bu mövzunu araşdırıb. Milli Hüquq Evinin rəhbəri, hüquqşünas Nicat Gözəlov məsələni saytımıza şərh edib:

“Ümumiyyətlə, bu cür hallar Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tənzimlənir. Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər bu müddəada göstərilən hallar heç biri olmadan intihar, yaxud intihara cəhd baş veribsə, burada günah zərəçəkənin özündədir, başqa heç bir şəxs məsuliyyət daşımır”.



Nicat Gözəlov bildirib ki, şəxsi intihar edəcəyi ilə şantaj edənlər barəsində polisə ərizə yazaraq, məlumat vermək olar:

“Kimsə kimisə daim alçaltmırsa, amansız rəftar etmirsə, böhtan atmırsa, hədə-qorxu gəlmirsə, haqqında rüsvayedici məlumatlar yaymırsa, döymürsə və bununla belə qarşı tərəf yenə də onun dediyini etməsə, intihar edəcəyi ilə hədələyirsə, buna görə şantaj olunan şəxs heç bir məsuliyyət daşımır. O, sadəcə özünü sığortalamaq üçün polisə gedib məlumat verə bilər ki, qabaqlayıcı tədbirlər görülsün”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #intihar   #vəkil   #hüquq   #hüquqşünas   #cinayət   #məcəllə   #qanun   #femida  

Oxunub: 6079