Həyatımız ikiyə parçalanıb: "Apreldən öncə və sonra" - Ermənilərdən ACI ETİRAF


20:11     06 Aprel 2018 2018/04/aprel-ermeni_1523016625.jpg


Türkiyə türkcəsində fəaliyyət göstərən, əslində isə Ermənistandan idarə olunan “ermenihaber.am” portalı aprel döyüşləri ilə bağlı yazı hazırlayıb. Mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğat aparan portal bu dəfə həqiqətdən yan keçə bilməyib və Ermənistanın aprel döyüşlərində düçar olduğu məğlubiyyəti etiraf edib. “Ermənistanda həyat apreldən öncə sonra” başlığı ilə dərc olunan məqalədə bunlar vurğulanıb:


“2016-cı il aprelində Qarabağda baş verən dörd günlük müharibə 1994-cü il atəşkəs razılaşmasından sonra ən şiddətli qarşıdurma idi. Bu müharibə zamanı erməni silahlı qüvvələri böyük itkilər verdi. Aprel müharibəsində Qarabağda ölənlər İrəvanda Erablur qəbiristanlığında dəfn edildi. Dördgünlük müharibədən sonra erməni xalqı ölkədə həyatın iki yerə bölündüyünə inanır: aprelə qədər və apreldən sonra”.

Ermənilər təxribata özləri başlasa da, aprel döyüşlərinin Azərbaycan tərəfinin hücumu ilə başladığını iddia edirlər:

“Aprel 2-də səhər saatlarında Azərbaycan ordusu Qarabağla təmas xəttinə hücum etdi. Rəsmi İrəvan münaqişələrə görə məsuliyyətin Azərbaycan tərəfində olduğunu açıqladı. Həmin gün bir çox ölkələr və beynəlxalq təşkilatlar döyüşün dayandırılmasına dair çağırışlar etdi. Rusiya, İran və Minsk qrupunun ardınca Avropa Şurası da tərəfləri münaqişəni dayandırmağa səslədi. Bu ərəfədə Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edirdilər. 3 apreldə Azərbaycan ordusu raket və tanklarla hücuma keçdi. Azərbaycanın Qarabağın müəyyən bölgələrini ələ keçirdiyini açıqladı. Ermənistan tərəfi əvvəlcə bunu təkzib etsə də, sonradan xəbərin doğru olduğu üzə çıxdı”.



Portal aprel döyüşlərinin yekununda Ermənistanın məğlub olduğunu açıq-aşkar etiraf edir:

“4 apreldə gərginlik artdı. Ermənistan prezidenti Ser Sarkisyan bildirdi ki, müharibə dayandırılmasa, geri dönüşü olmayan nəticələrə yol açacaq. Nəhayət, aprelin 5-də atəşkəs elan edildi. Hər iki tərəfin hərbi itkisi ilə bağlı rəsmi bəyanatlar ziddiyyətli olsa da, tərəflərin 100-dən çox itki verdiyi məlumdur”.

Məqalənin bu hissəsinin həqiqətdən uzaq olduğunu etiraf etməliyik. Çünki erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən hərbçisi məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Ordumuz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.

Məqalənin sonunda isə Ermənistan prezidentinin də məğlubiyyəti öz dili ilə etiraf etdiyi vurğulanır:

“Mayın 17-də Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Ermənistan prezidenti Sarkisyan jurnalistlərə açıqlamasında Azərbaycan ordusunun Qarabağda müəyyən ərazini azad etdiyini eitraf etdi. Hazırda həmin ərazilər Azərbaycanın nəzarətindədir”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #aprel   #aprel_döyüşləri   #şəhid   #Qarabağ   #Ermənistan   #ordu   #müdafiə  

Oxunub: 9597