Nazirlərin Bakı toplantısı yekunlaşdı - Bəyannamə


22:07     06 Aprel 2018 2018/04/konfrans_baku_1523022521.jpg

Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Azərbaycan paytaxtında keçirilən konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib.


Femida.az xəbər verir ki, sənəddə davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviqinə dəstək ifadə olunub.

Eyni zamanda, Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin toplantının sonunda Fələstin məsələsi ilə bağlı Bəyannamə qəbul edilib.

Qeyd edək ki, ikigünlük görüşdə təxminən 800 iştirakçı - Qoşulmama Hərəkatında iştirak edən dövlətlərin, həmçinin hərəkat yanında müşahidəçi statusu almış ölkə və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri iştirak ediblər.

Konfransda beynəlxalq sülh və təhlükəsizlik üzrə ən aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Konfransın aprelin 5-də keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Xatırladaq ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. 2019-cu ildə Azərbaycanda Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısı keçiriləcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.

Femida.az

Açar sözlər: #Qoşulmama   #Hərəkat   #Bəyannamə  

Oxunub: 855