Nazirlərin konfransı başa çatdı - Bakı bəyannaməsi qəbul olundu


02:08     07 Aprel 2018 18_04_06_1523038284.jpg

Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aprelin 5-6-da Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən 18-ci Aralıq Nazirlər Konfransı başa çatıb. Tədbirin yekununda Bakı Bəyannaməsi qəbul olunub.



XİN-dən Femida.az-a verilən məlumata görə, sənəddə Azərbaycanla bağlı bir sıra mühüm bəndlər və müddəalar əksini tapıb, toplantının mükəmməl səviyyədə təşkilinə, qonaqpərvərliyə və ev sahibliyi edilməsinə görə Azərbaycan Respublikasının xalqına və hökumətinə təşəkkür ifadə olunub.
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Expo-2025-ə namizədliyi alqışlanıb və yeganə Qoşulmama Hərəkatı üzvü olaraq Expo-2025-in Bakıda keçirilməsi üçün Azərbaycanın apardığı kampaniyaya uğurlar arzu edilib.

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının 2019-cu ildə XVIII zirvə toplantısına ev sahibliyi etmək təklifi alqışlanılıb və Qoşulmama Hərəkatı ölkələri bu zirvə toplantısında fəal şəkildə iştirak etməyə dəvət olunub.

Nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüflərini ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq ediblər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırıblar.

Femida.az

Açar sözlər: #Azərbaycan  

Oxunub: 1249