Xələf Xələfov argentinalı həmkarı ilə görüşüb


23:38     21 Sentyabr 2015 61fa53f233e843717cd410822cda9ad7.jpg

Azərbaycan və Argentina arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Argentina Respublikasının xarici işlər nazirinin müavini Eduardo Zuain arasında görüş keçirilib.


XİN-dən Femida.az-a verilən məlumata görə, Azərbaycan və Argentina arasındakı ikitərəfli siyasi münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirən nazir müavini Xələf Xələfov ticarət-iqtisadi münasibətlərin ölkələrimizin potensialına cavab vermədiyini, informasiya texnologiyaları, kənd təsərrüfatı, energetika, turizm, sənaye kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Mütəmadi əsasda siyasi məsləhətləşmələrin aparılmasının sözügedən sahələrdə yeni imkanların müəyyən edilməsində əhəmiyyətini vurğulayan X.Xələfov ölkəmizin təşəbbüsü və iştirakı ilə regionumuzda gerçəkləşdirilən layihələr və onların əhəmiyyəti haqqında məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir müavini, həll olunmamış münaqişələrin regionumuz üçün böyük təhdid olduğunu, eləcə də regionun inkişafına böyük maneələr yaratdığını söyləyib. Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdıran X.Xələfov 20 ildən çoxdur ki münaqişənin həllinə məsul olan ATƏT-in Minsk Qrupu tərəfindən nəzərəçarpacaq irəliləyişin əldə olunmadığını bildirib. Qarşılıqlı etimadın qurulması üçün erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının vacibliyi diqqətə çatdırılıb.

Azərbaycanda olmasından məmnunluğunu bildirən argentinalı diplomat Birinci Avropa Oyunlarının möhtəşəm təşkilinə görə ölkəmizi təbrik edib. Azərbaycanın energetika sahəsində böyük təcrübəsinin olduğunu diqqətə çatdıran Eduardo Zuain ölkəmizin təcrübəsinin öyrənilməsi baxımından Argentinanın Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Həmçinin, nüvə enerjisinin dinc məqsədlər üçün istifadə edilməsi və kosmik texnologiya sahəsində münasibətlərin inkişafı üçün geniş potensialın olduğunu bildirən E.Zuain mədəniyyət günlərinin keçirilməsinin və hər iki ölkənin diplomatik akademiyaları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Argentinanın ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesini dəstəklədiyini söyləyən E.Zuain beynəlxalq təşkilatlarda işləmə mexanizminin olmamasının münaqişələrin həllinin uzanmasında əsas amil olduğunu və bu səbəbdən BMT sistemində köklü islahatların aparılmasının vacibliyini bildirib. Dövlətlərin ərazi bütövlüyü prinsipinin Argentinanın xarici siyasətində prioritet prinsiplərdən biri olduğunu bildirən argentinalı diplomat münaqişələrin həllində ölkəsinin bu prinsipdən çıxış etdiyini diqqətə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 807