Daha 178 dövlət əmlakı hərraca çıxarılacaq


16:43     09 Aprel 2018 2018/04/emlak-herraci-(2)_1523263542.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 8-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.


Komitədən Femida.az-a verilən məlumata görə, budəfəki hərracda müxtəlif çeşidli 178 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 22-si səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisə və obyekti, 60-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Sumqayıt, Cəlilabad, Sabirabad, Şəmkir, Şirvan və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 14 kv.m ilə 5000 kv.m arasında dəyişir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək və Bakı, Tərtər, Yevlax, İsmayıllı və digər şəhər və rayonlarda yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatı, Şəmkir yun tədarükü məntəqəsi, Qusar Tədarük Satış Bazası kimi iri dövlət əmlakları var.

Samux rayonunda yerləşən "Seyidlər üzüm emalı zavodu" dövlət müəssisəsinin ümumi faydalı sahəsi 250 kv.m-ə yaxın, torpaq sahəsi isə 26 mindən çoxdur.

Bakının Nərimanov rayonunda yerləşən 7 saylı mağazanı ümumi faydalı sahəsi 400 kv.m-ə yaxındır.

Mayın 8-də keçiriləcək hərracda investorlar üçün maraqlı ola biləcək digər bir məqam klub və mədəniyyət evlərinin özəlləşdirilməyə çıxarılmasıdır. Həmin əmlakların ilkin satış qiyməti o qədər də baha deyil. Məsələn, YArdımlı rayonunda yerləşən Şəhər klubu 2 min 500 manata özəlləşməyə çıxarılıb. Əmlakın ümumi faydalı sahəsi 80 kv.m, torpaq sahəsi isə 100 kv.m-dir. Hərraca qoşulmaq istəyənlər öncədən 250 manat beh ödəməlidirlər.

Xaçmazda rayonunda yerləşən Sərkərli kənd klubu da sərfəli qiymətə özəlləşməyə çıxarılıb. Belə ki, həmin əmlakın ilkin start qiyməti 4 min 500 manatdır. Həmin obyektin ümumi faydalı sahəsi 66 kv.m, torpaq sahəsi isə 1000 kv.m-dən çoxdur.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 48-i paytaxtda, qalanları isə Sumqayıtda, Lənkəranda, Siyəzəndə yerləşir. Belə əmlakların sahəsi 25 kv.m ilə 1612 kv.m arasında dəyişir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında “Mingəçevir Qum Çınqıl”, “Ağcabədi Aqrotexservis”, “Astara çay-3” və digər bu kimi ASC-lər var.

Hərraca çıxarılan müxtəlif markalı nəqliyyat vasitələri buraxılış tarixi isə 2006-cı ildir.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Femida.az

Açar sözlər: #Hərrac   #nəqliyyat   #iaşə   #qida   #toxuculuq   #təmir   #sənaye    

Oxunub: 818