Bu yollar yenidən qurulur


22:42     09 Aprel 2018 2018/04/yol-3-(2)_1523278944.jpg

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qubada 22 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları yenidən qurulur.

Agentlikdən Femida.az-a verilən məlumata görə, bu, başlanğıcını respublika əhəmiyyətli Quba-Xaçmaz avtomobil yolunun 13-cü km-dən götürən 17 km uzunluğa malik Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi və başlanğıcını M1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır.

Sözügedən yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmiş, yolun çınqıl və qara örtüyü tamamilə sıradan çıxmışdı, üstəgəl yol bəzi hissələrdə kənar relyefdən aşağı səviyyədədir.

11 yaşayış məntəqəsini əhatə edən Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi avtomobil yolu boyu zəruri olan yerlərdə torpaq yatağının təmiri və bərpası üçün yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirilib, əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb, hazırda isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Tikinti layihəsinə uyğun olaraq çiyinlərin bərpası işləri, 240 paqon-metr uzunluğunda dairəvi dəmir-beton boruların quraşdırılması və izolyasiyası işləri də yerinə yetirilmiş işlərdəndir. Daha sonra yol boyu 700 ədəd siqnal dirəyi, 148 ədəd yol nişanı, 17 ədəd km göstəricisi quraşdırılacaq, 51 km uzunluğunda xətlənmə işləri aparılacaq.

11 yaşayış məntəqəsini əhatə edən digər İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yol boyunca hazırda torpaq işləri həyata keçirilir, yol yatağının yararsız qruntu qazılıb çıxarılır, qazılmış və genişləndirilmiş hissələrdə yararlı materialla kipləşdirmə işləri aparılır. Bu işlərin həcmi 48 min kubmetr təşkil edir.

Texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi tikinti norma və standartlarında nəzərdə tutulmuş qarışıqlardan istifadə edilməklə təqribən 350 min kvadratmetr sahədə yol əsası inşa ediləcək və ardınca 200 min kvadratmetr sahəni əhatə edən həcmdə asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd km göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərin çəkilməsi nəzərdə tutulub.


Femida.az

Açar sözlər:

Oxunub: 1048