10 sürücüyə protokol tərtib edildi


03:58     22 Sentyabr 2015 shemkir_polis_210915_01.jpg


Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəmkir Regional Şöbəsinin əməkdaşları yol polisləri ilə birlikdə reyd keçirib. Məqsəd sənədsiz sərnişindaşıma ilə məşğul olan sürücüləri aşkarlamaq olub.

Femida.az Kəpəz TV-yə istinadən xəbər verir ki, yoxlamalar zamanı xeyli sayda belə sürücü barəsində müvafiq tədbir görülüb.

Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra Şəmkirdə də Nəqliyyat Nazirliyinin müvafiq strukturu yol polislərinin iştirakı ilə kütləvi yoxlamalar aparıb.

Özləri ilə yanaşı onlarla sərnişinin taleyinə cavabdeh olan sürücülər tutulan əksər iradlarla razılaşmayıb. Hətta müfəttişlərin saxla işarəsinə tabeçilik göstərməyənlər olub. Yalnız yol polislərinin müdaxiləsindən sonra belə avtomobillərin saxlanılması mümkün olub.

Reyd zamanı heç bir sənədi olmadan sükan arxasında əyləşənlərə də rast gəlinib. Belə sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb. Sərnişinlər isə digər nəqliyyat vasitəsi ilə mənzil başına yola salınıb. Yol polisinin sərnişindaşıma qaydalarına əməl etməyən sürücülərə tutduğu iradlar isə xırda mübahisələrlə yadda qalıb.

Şəmkirdə nəqliyyat müfəttişləri ilə yol polisinin reydi maraqlı anlarla yadda qalıb. Belə ki, bəzi sürücülər sərnişindaşıma qaydalarını pozmaqla yanaşı, mikroavtobuslardan yükdaşıma məqsədilə istifadə edirlər. Bu isə sonda əlavə problemlərə yol açır.

Ümumilikdə gün ərzində 10-a yaxın sürücü barəsində inzibati protokol tərtib edilib. Sürücülük hüququ olmadan sərnişin daşıyan 3 sürücünün avtomobili isə cərimə meydançasına aparılıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəmkir Regional Şöbəsinin rəisi Qafar Qarayev bildirib:

“Sərnişinlərdən xahişim odur ki, onlar da nəzərdə tutulan dayanacaqlardan, stansiyalardan və yaxud avtovağzallardan istifadə etsinlər. Çünki həmin yerlərdə bizim müfəttişlərimiz hər bir şeyə nəzarət edir”.

Qeyd edək ki, nəqliyyat müfəttişləri ilə yol polislərinin reydləri qarşıdakı günlərdə də davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 1039