"Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb” - İlham Əliyev


00:54     10 Aprel 2018 nazirler%20kabineti%20iclas.jpg


“Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, işğalçı dövlət tərəfindən işğal edilib. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, torpaqlarımız işğal altındadır, tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıbdır. Bütün beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən qərar və qətnamələr qəbul etmişlər və bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Femida.az-ın APA-ya istinadən məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və tanımayacaq: “Kriminal xunta rejimi tərəfindən ötən il keçirilmiş dırnaqarası referendumu da heç kim tanımayıb. Bu, işğalçılara beynəlxalq aləm tərəfindən vurulan növbəti bir zərbədir. Bizim səylərimiz nəticəsində bu qondarma qurum regionun xəritəsində qara ləkə kimi tanınır və biz bundan sonra da bu istiqamətdə ardıcıl fəaliyyətimizi göstərməliyik. Beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox önəmlidir. Düzdür, bunun praktiki nəticələri yoxdur, torpaqlarımız hələ də işğal altındadır. Biz torpaqlarımızın bir hissəsini hərbi yolla azad etdik, ancaq bununla bərabər münaqişənin həlli üçün hüquqi baza əsas şərtdir. Bu məsələdə Azərbaycan tam üstünlüyü əldə edib və növbəti illərdə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz daha da güclənəcək”.

“Bununla bərabər, biz münaqişənin həlli ilə bağlı bütün başqa istiqamətlərdə ardıcıl siyasətimizi aparırıq və aparacağıq. İlk növbədə, siyasi yanaşmadan sonra hərbi amil əlbəttə ki, öz rolunu oynayır və oynayacaqdır. Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq. Biz son illər ərzində güclü hərbi potensial yarada bilmişik, o potensial ki, bu gün Azərbaycan Ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edibdir. Bunu beynəlxalq məsələ ilə məşğul olan bütün qurumlar və reytinqlər təsdiqləyir. Biz bundan sonra da ən müasir silah, sursat, texnika alacağıq ki, daim hərbi üstünlük təmin edilsin, necə ki, bu gün bu, təmin edilir”, deyə prezident İlham Əliyev bildirib.

Femida.az

Açar sözlər: #İlham_Əliyev   #Qarabağ   #iclas  

Oxunub: 1273