XİN-dən seçkilərlə bağlı BƏYANAT


19:15     11 Aprel 2018 xin.jpg


Azərbaycan xaricində yerləşən, saxta xəbərlər, şayiə və böhtan yaymaq üzrə ixtisaslaşan bəzi internet resursları və sosial şəbəkə profilləri tərəfindən ölkəmizdə azad, demokratik və ədalətli şəkildə keçirilən prezident seçkilərinin gedişinə xələl gətirmək üçün qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır.

Bunu Femida.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, bu kimi internet resursları tərəfindən təqdim olunan şəkillərdə və videogörüntülərdə iddia olunan seçki məntəqəsi ilə real seçki məntəqəsinin nömrəsi arasında uyğunsuzluq, şəkillərə fotoşop elementlərinin daxil edilməsi və yaxud kimliyi bilinməyən şəxslər adından danışılması, vətəndaşların seçki fəallığına və seçici növbələrinə başqa don geyindirilməsi cəhdləri bu cür məlumatların saxta olduğunu açıq şəkildə sübut edir.

XİN rəsmisi qeyd edib ki, saxta məlumatlar vasitəsilə onlar seçkiləri azad, demokratik və şəffaf şəkildə izləyən beynəlxalq və yerli müşahidəçiləri yanlış istiqamətə yönləndirmək, aldatmaq və nəticə etibarilə, onlar tərəfindən hazırlanacaq yekun hesabatlara təsir etmək kimi çirkin məqsədlər güdürlər.

Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq və yerli müşahidəçilərin seçkiləri azad, demokratik və şəffaf şəkildə izləmələri üçün bütün şərait yaradılıb və onlar yerlərdə vəziyyətlə tanış olmaq üçün zəruri imkanlara malikdirlər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Femida.az

Açar sözlər: #seçki   #siyasət   #XİN   #bəyanat  

Oxunub: 510