Prezident seçkiləri ilə bağlı daha bir BƏYANAT


01:04     12 Aprel 2018 2018/04/641412_01_1523464546.jpg

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) bu gün keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb.


Femida.az bildirir ki, bəyanatda deyilir: "11 aprel Azərbaycan Respublikasının Prezidentinin seçkiləri ölkə qanunvericiliyi və beynəlxalq normalara uyğun keçirilib. BMAM-ın Müşahidə Missiyası seçki günü Bakı şəhəri və regionlar da daxil olmaqla 50-dən artıq seçki dairəsi və 200-ə yaxın seçki məntəqəsində müşahidələr aparıb. Müşahidə aparılan məntəqələr Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, səhər saat 08:00-da seçiciləri qəbul etməyə başlayıb. Axşam saat 19:00-da səsvermə başa çatıb. Müşahidə missiyamız olduqları seçki məntəqələrində səsvermənin yekunlarını, habelə səslərin sayılması prosesini yaxından izləyib və heç bir qanun pozuntusu faktı qeydə almayıb.

Məntəqələrdə prezidentliyə namizədlərin vəkillərinə, müşahidəçilərinə və məşvərətçi səs hüquqlu məntəqə seçki komissiyalarının üzvlərinə normal və maneəsiz şərait yaradılıb. Eləcə də mətbuatın səsvermə prosesini izləməsi zamanı hər hansı problem qeydə alınmayıb. Həmçinin, müşahidə aparılan məntəqələrin əksəriyyətində "exit-poll"un keçirilməsi qeydə alınıb.

Məntəqələr üzrə gün ərzində yüksək seçici fəallığı müşahidə edilib, həmçinin xarici müşahidəçilər geniş heyətdə seçkiləri izləyiblər. Müşhidəçilərimizin olduğu ən ucqar seçki məntəqələrində belə yüksək seçici fəallığı qeydə alınıb. Dairə və məntəqələrdə yerli və beynəlxalq müşahidəçilər fəaliyyətlərini sərbəst qurub, gün ərzində seçki prosesini yaxından izləyiblər. Həmçinin, müstəqil müşahidəçilərin gün ərzində apardıqları monitorinqlər kifayət sayda çox olub.

Müşahidələrə əsasən deyə bilərik ki, prezident seçkiləri zamanı heç bir qanun pozuntusu baş verməyib. Seçkinin Azərbaycan Respublikasının Seçki Məcəlləsi və beynəlxalq normalara uyğunluğu yüksək səviyyədə təmin edilib. İntensiv olaraq apardığımız müşahidələr bu seçkilərin demokratik cəmiyyət quruculuğu yolunda növbəti mühüm addım olduğunu göstərir. Bu seçkilərdə seçki texnologiyalarının tətbiqi imkanları daha da genişləndirilib, seçici hüquqlarını məhdudlaşdıra biləcək bütün digər hallar aradan qaldırılıb.

Beləliklə də, apardığımız müşahidələr göstərdi ki, 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkisi azad,demokratik və şəffaf, eyni zamanda beynəlxalq seçki prosedurlarına uyğun şəraitdə keçirilib".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Femida.az

Açar sözlər:

Oxunub: 777