Zakir Qaralovdan Avropa Parlamentinin qətnaməsi ilə bağlı BƏYANAT


16:02     22 Sentyabr 2015 Zakir_Qaralov_imzalama.jpg

"Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş qətnamə ikili standartlar siyasətinin bariz nümunəsidir. Bu sənəd qərəzli, destruktiv və bəzi siyasi dairələrin sifarişlərinə və maraqlarına uyğun ölkəmizə qarşı aparılan və sistemli xarakter almış təzyiq kampaniyasının davamıdır".


Femida.az-ın məlumatına görə, bu barədə İsveçrənin Sürix şəhərində keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 20-ci yubiley illik konfransında Azərbaycanın baş prokuroru Zakir Qaralov bildirib.

Konfransın plenar iclasında çıxış edən Z. Qaralov Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş 10 sentyabr tarixli qətnaməyə münasibət bildirərək, ikili standartlar siyasətinin bariz nümunəsi olan bu sənədin qərəzli, destruktiv və bəzi siyasi dairələrin sifarişlərinə və maraqlarına uyğun ölkəmizə qarşı aparılan və sistemli xarakter almış təzyiq kampaniyasının davamı olduğunu qeyd edib.

Həmçinin bu qətnamə ilə bağlı ölkəmizin nümayəndə heyəti adından müvafiq bəyanat tədbir iştirakçıları arasında yayılıb.

Bəyanatda qeyd olunur ki, son zamanlar Azərbaycanda bir sıra iqtisadi, vergidən yayınma və vəzifə cinayətləri törətmiş qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər şəxslərin fəaliyyəti istintaq orqanları tərəfindən ifşa edildikdə və məhkəmələr tərəfindən qanunla nəzərdə tutulmuş qaydada qərarlar qəbul edildikdə bəzi beynəlxalq qurumlar tərəfindən subyektiv mülahizələrə əsaslanan birtərəfli və qərəzli münasibət bildirilir:

“Avropa Parlamenti kimi mühüm bir təsisat tərəfindən məhkəmə və istintaq orqanlarının fəaliyyətinin əsasını təşkil edən qanunun aliliyi və ədalət mühakiməsinə müdaxilənin yolverilməzliyi kimi mühüm prinsiplərə riayət etmədən 10 sentyabr 2015-ci il tarixdə Azərbaycan haqqında belə qətnamənin tələsik qəbul edilməsi təəccüb hissi doğurur. Bu kimi hərəkətlər istintaqın və məhkəmənin obyektiv aparılmasına süni əngəllər yaratmaqla bərabər beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradır, həmçinin Azərbaycan Respublikası Avropa İttifaqına daxil olmadığı halda Azərbaycan dövlətinə, xalqımızın milli və mənəvi dəyərlərinə qarşı yönəlməklə ölkənin daxili işlərinə müdaxilə və ədalət mühakiməsinə təzyiqdir, Avropa İttifaqı-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlığa və bu əlaqələrin gələcəyinə kölgə salır”.

Bəyanatda həmçinin qeyd olunur ki, Azərbaycanda söz azadlığı, internet azadlığı və jurnalistlərin azad və normal fəaliyyətinin dövlət tərəfindən ən yüksək səviyyədə təmin edilməsinə baxmayaraq konkret jurnalistin döyülməsi nəticəsində ölməsi cinayət hadisəsinin siyasiləşdirilməsi təəccüb hissi doğurur:

“Həmin cinayət hadisəsi törədildikdən dərhal sonra istintaq orqanları tərəfindən cinayəti törətmiş 6 şəxs həbs edilib. İstintaqla müəyyən edilib ki, bu cinayət müxbirin sosial şəbəkələrin birində ifadə edilmiş və şəxsi qərəzliyə səbəb olmuş fikirlərinə görə törədilmiş və siyasətlə heç bir əlaqəsi olmayıb”.

Azərbaycan nümayəndə heyətinin yaydığı bəyanatda həmçinin vurğulanır ki, istənilən ölkədə qeyri-hökümət təşkilatlarının fəaliyyəti şəffaf şəkildə və həmin ölkənin qanunlarına uyğun həyata keçirilməlidir:

“Bəzi dövlətlər öz maraqlarına uyğun olaraq məqsədli şəkildə yaradılmış və ümumi qəbul edilmiş tələbləri, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozmaqla fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının fəaliyyətini maliyyələşdirir, onlara qrant adı altında maliyyə dəstəyi göstərir ki, bu da son nəticədə vergidən yayınma, mənimsəmə cinayətlərinin törədilməsinə və digər neqativ hallara səbəb olur. Aparılmış yoxlamalarla müəyyən edilib ki, bir sıra hallarda qeyri-hökümət təşkilatları qrant adı altında alınmış pulların mənimsənilməsi məqsədilə müxtəlif korrupsiya sxemləri qurub, həmin dövlətlərin vergi ödəyicilərinin maraqlarına zidd olaraq şəxsi məqsədləri üçün istifadə ediblər. Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası bu sosial bəlaya qarşı səmərəli mübarizənin ümuməhatəli və çoxşaxəli xarakter daşımaqla, dövlət sektoru ilə yanaşı bütün sahələrdə, o cümlədən özəl və qeyri-hökümət təşkilatlarında aparılmasını tələb edir. Lakin Azərbaycan dövləti tərəfindən görülən bu tədbirlər bəzi dairələrdə anlaşılmaz narazılığa səbəb olur. Azərbaycan Avropa Şurasının üzvü olmaqla Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası altında olduğu və qeyd olunan əməllərə hüquqi müstəvidə yekun qiymət verilmədiyi halda hər hansı şəxsin təqsirinin olub-olmaması barədə səsləndirilən fikirlər ən azından təəssüf hissi doğurur”.

Açar sözlər:

Oxunub: 1037