Evli qadınlar qızlıq soyadına necə qayıda bilər? – Hüquqi yardım

Evli qadınlar qızlıq soyadına necə qayıda bilər? – Hüquqi yardım

17:32     13 Aprel 2018 18_04_13_1523626250.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfəki mövzumuz qadınların qızlıq soyadına qayıtması ilə bağlıdır.

Adətən evləndikdən sonra xanımlar öz ərlərinin soyadını qəbul edirlər. Lakin bəzən evlilikdən sonra qadınlar əvvəlki soyadına qayıtmaq istəyir. Adətən belə hallar boşanma ərəfəsində olan cütlüklər arasında yaşanır. Lakin nigahda olduğunuz müddətdə belə, qızlıq soyadına qayıtmaq mümkündür. Bu proses soyadı dəyişmək qədər uzun deyil və tələb olunan sənədlər də azdır.

Bunun üçün yaşadığınız rayonun qeydiyyat şöbəsinə və ya Asan xidmətə müraciət edə bilərsiniz. Yoxlamaların nəticəsindən asılı olaraq soyadın dəyişdirilməsi barədə qərarın verilməsi 2-3 ay qədər çəkə bilər. Bu da hüquq-mühafizə orqanları tərəfindən müraciətin hər hansı xüsusi məqsəd daşıyıb-daşımadığını müəyyənləşdirmək üçündür.

Qızlıq soyadına qayıtmaq üçün xanım öz şəxsiyyət vəsiqəsini, nikah haqqında şəhadətnaməni, uşaq varsa, onun doğum haqqında şəhadətnaməsini və ya şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Müraciət üçün 10 manat dövlət rüsumu ödənilir.

Soyadın dəyişdirilməsi barədə müvafiq qərar verildikdən sonra mütləq yeni şəxsiyyət vəsiqəsi alınmalıdır.

Qeyd edək ki, qızlıq soyadına qayıtmaq üçün müraciət zamanı nigahın kəsildiyi rayonla, xanımın qeydiyyatda olduğu rayonların eyni olması vacib deyil. Rayonlar fərqli olsa belə, qadın qeydiyyatda olduğu rayon ərazisində müraciət edərək prosesi reallaşdıra bilər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #evli   #qadın   #soyad   #qanun   #hüquq   #hüquqşünas   #hüquqi_yardım   #vətəndaş   #layihə  

Oxunub: 2817