600-ə yaxın işsizə iş verildi


20:27     22 Sentyabr 2015 zagruzhennoe_6.jpg

Dövlət Məşğulluq Xidməti cari ilin yanvar-avqust aylarında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 577 nəfər vətəndaşı kvota üzrə ayrılan iş yerləri ilə təmin edib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, həmin şəxslərdən 208 nəfəri əlilliyi olan şəxslərdən, 130 nəfəri məcburi köçkünlərdən, 95 nəfəri yetkinlik yaşına çatmayan uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərdən ibarət olub. Digərlərini sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, müharibə veteranları və şəhid ailəsi üzvləri, pensiya yaşına 2 ildən az qalan şəxslər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən vətəndaşlar təşkil edib.

Qeyd edilən kateqoriyalardan olan insanlar “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar hesab olunurlar. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”nda belə şəxslər üçün müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3%-i, 50-dən 100-dək olduqda 4%-i, 100-dən çox olduqda isə 5%-i miqdarında kvota yerinin müəyyən edilməsi nəzərdə tutulur.

Bu ilin 8 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən ümumilikdə 18 min 678 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.

Açar sözlər:

Oxunub: 1182


Oxşar xəbərlər