Xaricdəki vətəndaşlarımızın hüquqi problemləri necə həll edilir?

16:28     16 Aprel 2018 18_04_16_1523882073.jpg


Femida.az xaricdə yaşayan azərbaycanlıların hüquqları mövzusunda kiçik araşdırma aparıb. Xaricdə yaşayan azərbaycanlılar adətən hansı probləmlərlə səfirliklərimizə müraciət edir? Xaricdəki vətəndaşlarımız hüquqi yardımla necə təmin edilir? Bu suallara cavab tapmağa çalışmışıq.

Məsələ ilə Disaporla İş Üzrə Dövlət Komitəsinə müraciət ünvanladıq. Komitədən bildirdilər ki, problemlər müxtəlif ola bilir:

“Xaricdə yaşayan azərbaycanlıların əsas problemləri onların hüquq və azadlıqları, getdikləri ölkələrdə yaşamaq və işləmək hüququnun verilməsi ilə bağlı olur. Belə problemlərlə qarşılaşan soydaşlarımız həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına müraciət edərək hüquqi yardım alır, onlara müəyyən istiqamtlər verilir. Bir çox hallarda nüfuzlu diaspor rəhbərləri öz şəxsi əlaqələrindən istifadə edərək həmvətənlərimizin üzləşdiyi çətinlikləri aradan qaldırmağa kömək edir.

Bəzən isə problemlərlə bağlı diaspor təşkilatlarına gec bildirdiyinə görə, soydaşlarımıza yardım etmək imkanı olmur, çünki artıq həmin ölkələrinin qanunvericiliyinə uyğun olaraq bu şəxslər haqqında müəyyən tədbilər görülmüş olur. Soydaşlarımızın problemlərinin həllində Dövlət Komitəsi də öz səlahiyətləri çərçivəsində iştitrak edir. Dövlət Komitəsinin əməkdaşları bizə müraciət edən hər bir soydaşımızın problemini öyrənir, araşdırır və bir çox hallarda öz səlahiyyətləri daxilində həmin problemin aradan qaldırılmasına nail olur”.

Məlumdur ki, xaricdə yaşayan azərbaycanlıların böyük bir qismini tələbələr təşkil edir. Son statistik məlumatlara görə, hazırda ən çox azərbaycanlı tələbənin oxuduğu ölkə İtaliyadır. Buna görə də İtaliyada təhsil alan tələbələrdən biri Pərviz İmanovdan fikirlərini öyrəndik. Siena Universitetində magistr təhsili alan Pərviz bildirdi ki, tələbələr adətən sənədləşmə işlərində problemlər yaşayır:

“Ötən il təqaüdlə bağlı sənədlərimizdə səhvlər var idi. Amma biz bunu səfirliyə müraciət etmək əvəzinə, Azərbaycandakı yaxınlarımızla əlaqə saxlayıb sənədi yenidən alıb göndərtdirməklə həll etdik. Çünki səfirlikdən gec cavab gələcəyi təqdirdə təqaüd üçün müraciət tarixi bitmiş ola bilərdi. Səfirliyə müraciətimiz isə adətən Azərbaycanda mənim adımdan çıxış etmək hüququ ilə bağlı etibarnamə verilməsi məsələsi olur. Səfirliyə gedib Azərbaycanda yaşayan hər hansı yaxınımza buradan etibarnamə verə bilirik. Yaxud diplomun təsdiqlənməsi məsələsində kömək göstərirlər”.

Femida.az mövzu ilə bağlı XİN-ə sorğu ünvanlayıb. Mövzunu davam etdirəcəyik.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #xaric   #Azərbaycan   #azərbaycanlı   #hüquq   #yardım   #İtaliya   #diaspor   #komitə  

Oxunub: 3993