“Telefon manyakları”ndan necə qurtulmalı? – Hüquqi yardım

“Telefon manyakları”ndan necə qurtulmalı? – Hüquqi yardım


18:29     17 Aprel 2018 2018/04/telefon_1523961047.jpg


Günümüzün aktual problemlərindən biri də kimlərsə tərəfindən narahat edilmək və təhdid olunmaqdır. Bunu telefon vasitəsilə edənlər də az deyil. Mütəmadi zənglər edib şəxsi bezdirmək, ona psixoloji təsir etməkdən savayı, həm də hüquq pozuntusudur. Belə adamları adətən “telefon manyakı” adlandırırlar. Onlar qurbanı seçdiyi şəxsə dayanmadan zənglər edir, mesajlar yazır, onu təhdid və ya şantaj edirlər.

Belə hallarda vətəndaş nə etməlidir? Hüquq-mühafizə orqanlarına müraciət edərkən, hansı məqamlar nəzərə alınmalıdır?

Vəkil Elmar Süleymanov məsələni Femida.az-a şərh edib. Onun sözlərinə görə, “telefon manyakları” 2 yerə bölünür:

“Telefonla narahat etmə adətən 2 məqsədlə olur. Birincisi, insanı təhqir edirlər, bezdirirlər və s. Adətən belə hallar gənc oğlanın gənc bir xanımı bezdirməsi ilə müşahidə olunur. İkincisi, telefon vasitəsilə hədə - qorxu gəlib, əmlak və s. tələb etmək. Azərbaycan qanunvericiliyində xuliqanlıqla bağlı maddə olsa da, telefon xuliqanlığı deyilən xüsusi maddə yoxdur. Lakin bu o demək deyil ki, belə əməl cəzasız qalacaq. Adətən, xarici ölkələrdə belə əməlləri xırda xuliqanlıq kimi qiymətləndirirlər.

Bizdə xırda xuliqanlıqlara görə, inzibati cəza nəzərdə tutulur. 50 manatdan 100 manatadək cərimə və ya 15 günədək inzibati həbs tətbiq olunur.



Amma telefon vasitəsilə hədə-qorxu gələrək, zərəçəkmiş şəxsdən, yaxud onun qohumlarının şəxsiyyəti üzərindən zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələb etmə halları cinayət məsuliyyəti yaradır. İşin hallarından asılı olaraq, bunun ən sadə cəzası 3 ildən 5 ilədək azadlıqdan məhrumetmədir. Bu əməllər bir qrup şəxs tərəfindən törədildikdə cəzası daha ağır olur”.

Vəkilin sözlərinə görə, “telefon manyaklığı” sonda cinayət işinin açılması ilə də nəticələnə bilər:

“Belə halda narahat edilən vətəndaş ilk növbədə polisə müraciət etməli, polis həmin telefon sahibini tapıb ortaya çıxarmalıdır. İşin mahiyyətindən asılı olaraq, polis şəxsi xırda xuliqanlığa görə, hədə-qorxu və əmlak tələbi olduqda isə Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə məsuliyyətə cəlb edə bilər”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #telefon   #manyak   #hüquq   #hüquqşünas   #vəkil   #qanun   #cinayət   #məcəllə   #polis   #Elmar_Süleymanov  

Oxunub: 4897